“Turan Tovuz”un qapıçısı Aydın Bayramovun futbolinfo.az saytına müsahibəsi
– “Qəbələ” ilə matçda 2:0 hesabı ilə üstün olduğunuz oyunda qələbəni əldən verdiniz…
– Qələbəyə çox yaxın idik. Bu cür matçlarda bərabərlik olanda çox məyus olursan. 2:0 hesabla öndə olub bunu əldən vermək çətindir.
– Səncə, bu cür üstünlüyü itirməyin səbəbi nədir?
– Məncə, ani bir konsentrasiya itkisi oldu. Qısa zamanda diqqətsizlik edib iki qol buraxdıq.
– Bu mövsüm evdə qələbə qazana bilməmisiniz. Bu, sizi narahat etmir?
– Bilirsiniz, müəyyən səbəblərə görə 6 oyundan cəmi ikisini evdə oynamışıq. Azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edirik. Hər ev matçına ikiqat motivasiya ilə çıxırıq. Bəlkə bu da öz təsirini göstərir. Növbəti qarşılaşmalarda bunu aradan qaldırmağa çalışacağıq.
– Azarkeşlər “Turan Tovuz”dan bu mövsüm avrokuboklara vəsiqə gözləyir…
– Qarşımıza hər hansı böyük hədəf qoyulmayıb. Bacardığımız qədər yuxarı pillələrdə qərarlaşmağa çalışacağıq. Hərənin öz fikir var, hamısına hörmətlə yanaşıram. Bəli, yaxşı heyətimiz var. Ən əsası, mehriban kollektiv mövcuddur. Əsas odur ki, biz bir ailəyik.
– Çempionat gözlənilməzliklərlə başladı. Sənin üçün ən gözlənilməzi nə idi?
– Belə konkret hansısa oyunun, hansısa komandanın nəticəsini misal çəkə bilmərəm. Amma hər şey mümkündür. Bu cür oyunlar gözlənilən idi.
– “Zirə”nin lider olması sürpriz idi?
– “Zirə” həmişə iddialı komanda olub. Yuxarı pillələrdə olmağı gözlənilən idi. 6 turda 5 qələbə qazanmaqları normaldır. Çünki məqsədləri avrokuboklara getməkdir.
– Qarşıda sabiq komandan “Sumqayıt”la səfər matçı var. Qələbə üçün bu oyunda nə lazımdır?
– Hər oyuna hazıram. Bütün matçlara necə hazıraşmışıqsa, buna da elə hazırlaşacağıq. Futbolda hər şey mümkündür. Nəzərə alsaq ki, çempionat sürprizlərlə doludur, istənilən nəticəni gözləmək olar. Çalışacağıq ki, maksimum güclə yaxşı nəticə əldə edək.
FƏRİD