Son vaxtlar Azərbaycan Gənclər və İdman Nazirliyi (AGİN) haqda xoş olmayan xəbərlər sıralanır. Demək olar, hər ay hansısa önəmli məsələdə bu qurumun adı hallanır. Və heç də yaxşı mənada yox…

Nazirliyin yeni rəhbərliyi fəaliyyətə başlayarkən rəğbət doğuran addımlar atdılar. İnsaf naminə, xüsusilə federasiyalarda və nazirliyin özündə aparılan kadr islahatları müsbət idi. Lakin zaman keçdi və bəlli oldu ki, dəyişən yalnız adlardır. Gedənlər başqa bir səriştəsizlər dəstəsi ilə əvəz olunub. Dostlar, tanışlar vəzifə sahibi oldu və indi bu, həm idman nəticələrində, həm də digər məsələlərdə özünü büruzə verir.

Paris Olimpiadasına qazanılmalı olan lisenziyaların sayı bugünədək olması gərəkəndən xeyli azdır, əsas idman növlərində fiaskolar sıralanır, sıradan turnirlərdən əlidolu gələn idmançılar əsas yarışlardan suyu süzülə-süzülə qayıdır. İdman nəticələrinə görə yəqin ki, nazirlikdən, bu qurumun idarəetməsinə birbaşa qarışdığı federasiyalardan hesabat istənəcək.

Daha bir məqam fəaliyyətinə icazə verilməyən idman növləri üzrə federasiyalarla bağlıdır. Məsələn, Azərbaycanda böyük ənənələri olan otüstü hokkey idman növü kimi ləğv edilib, əvəzində yalnız 5-10 nəfərin varlığından xəbər tutduğu yeni idman növləri ön plana çıxarılıb. Döyüş idman növləri üzrə çoxsaylı federasiyaların mərkəzləşdirilməsi yaxşıdır, gəl ki, onların əvəzində perspektivi olmayan yeniləri peyda olub.

1661757189.WhatsApp Image 2022 08 26 at 22.41.53 - Futbolinfo.az

Nazirliyin yeni rəhbərliyi pul qazanmaq üçün də yol tapıb. Müxtəlif idman qurğularında hansı əməllərə əl atıldığını bilmirik. Daha doğrusu, xəbərlər gəlir, lakin araşdırılması üçün zamana ehtiyac var və daha sonra mövzuya qayıdacağıq. AGİN-in futbolda etdikləri isə gözlə görünən qədər aydındır.

Tofiq Bəhramov adına Respublika Stadionunun yeni direktoru Tələt Məmmədov bu posta təsadüfən təyin olunmayıb. “Dalğa Arena” və “Bakcell Arena”dakı işindən tanıdığımız bu şəxs arxalı adamdır. Daim bərbad durumu barədə xəbər paylaşdığımız sözügedən stadionlardakı “xidmətləri” üzündən indi ona ölkənin əsas arenasını etibar ediblər. Və o, burada himayədarlarının planlarını reallaşdırır.

Bildiyimiz kimi, stadion “Qarabağ”a icarəyə verilib, Ağdam klubu avrokubok matçlarını, aradabir çempionat oyunlarını burada keçirir. Amma çempion arenada söz sahibi deyil. Daha doğrusu, bilet satışından pul qazanılması mümkün olan əsas yerlər “Qarabağ”ın əlindən alınıb.

Əldə etdiyimiz bilgiyə görə, bilet qiymətlərinin 200 manat olduğu 400 nəfərlik mərkəzi sektorlar nazirliyin əlindədir. AGİN bu yerlərin pulunu öz büdcəsinə yönəldir. “Qarabağ” rəhbərliyi isə həmin sektorlarda yerləşdirə bilmədiyi qonaqları üçün məcburiyyətdən tablonun yanında yer ayırıb. Önəmli şəxslərin yerləşdirilməsi üçün ağdamlılar məcburiyyətdən jurnalistlərə problem yaradır.

Avropa Liqasının qrup oyunlarında mətbuat üçün UEFA tələbinə uyğun olaraq 120 yer ayrılmalıdır, amma “Qarabağ” bu sayı 70-80-ə endirib. Son oyunlarda klub mətbuat üçün ayrılan sektorlara dəvətnamə-biletlər verir, önəmli qonaqlarını bura yönəldir.

Beləcə nazirlik Avropada uğurlu çıxışı sayəsində azarkeş toplayan klubun haqqını əlindən alır, “Qarabağ”a bilet satışından qazanc əldə etmək imkanı vermir. Klubun hansı gözülgəliliyi olduğunu bilmirik, amma faktiki bu vəziyyətə etiraz etmir, əvəzində jurnalistlərin haqqına girirlər. 400 yer üçün satılan biletlərdən nazirliyin əldə etdiyi 80 min manatın hara sərf olunduğu isə araşdırma mövzusudur. Nazirlik həm icarədən qazanır, həm də icarədarın məhsulunun qazancına şərik çıxır.

Bilet satışından əldə edilən gəlirin nazirliyin büdcəsinə, yoxsa kimlərinsə cibinə getdiyini bilmirik. Bu məsələnin araşdırılmasına ehtiyac var. Ümid etmək istəyirik ki, “təmiz işlədikləri” görüntüsünü yaradan nazirliyin yeni rəhbərliyinin hesabatları qüsursuzdur. Lakin bəri başdan bir neçə nüansı da qeyd etməliyik.

gdgccYfjxFCF front - Futbolinfo.az

“200 manatlıq qonaqlar” üçün yaradılan şəraitin bu məbləğə uyğun xidmət görməsinə diqqət edilməlidi, həmin sektorda xidmət edənlərin kimin (!) şirkətinin işçləri olduğu aydınlaşdırılmalıdır. Məsələn, nəyə görə hər zaman burada “Formula 1” könüllülərinin iş başında olması sual doğurur, ketrinq xidmətini kimin təşkil etməsi nəzarətə götürülməlidir, onlara ödənilən pulun bazar qiymətlərinə münasib olmasına diqqət edilməlidir. Bəlkə dövlət büdcəsinə getməli olan pullar şişirdilmiş qiymətlərlə kimlərinsə cibinə axır?

Belə olduğunu iddia etmirik, jurnalistin şübhələndiyi məsələ ilə bağlı həyəcan təbili çalması, qüsurları nişan verməsi lazımdır, biz də onu edirik.

Təsəvvür edin, “Qarabağ” avrokuboklarda uğur qazanır, zəhmətini pula çevirmək istəyəndə başqaları gəlib onlara şərik çıxır, hətta tortun ən dadlı dilimini özü götürür. O zaman ağdamlılar xərclərini necə sığortalamalıdır? Kluba qonaqlarını yerləşdirmək üçün bileti nazirlik satırsa, deyəcək başqa söz yoxdur.

Hələ yenilənən, amma nasaz olduğu üzə çıxan turniketlər, xərclənən pula uyğun olmayan qazon və s. barədə də nazirliyə suallarımız var. Tələtin “bələt”ləri yeniləməsi xidmətin yaxşılaşdırılmasına xidmət edir, yoxsa dost şirkətlərə daha çox pul qazandırmağa?

Ümumiyyətlə, AGİN sanki öz muxtariyyətini elan edib. Ölkənin digər idman qurumları ilə bağlı birgə fəaliyyət, qarşılıqlı əməkdaşlıq yoxdur. Nazirliyin öz məlum dairəsi var, orada fırlanırlar. Hətta elə bir vəziyyətdir ki, Milli Olimpiya Komitəsi ilə də hesablaşmırlar.

Yaxınlarda Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) ilə Pakistan İdman Jurnalistləri Federasiyası (PSWF) arasında əldə edilən razılığa əsasən, bu ölkənin qabaqcıl media qurumlarından olan bir qrup jurnalist Bakıda səfərdə olub. Nümayəndə heyətində Pakistanın bir sıra media qurumlarının əməkdaşları yer alıblar.

Sentyabrın 15-də pakistanlı idman jurnalistləri Milli Olimpiya Komitəsinin (MOK) qonağı olublar. MOK-un inzibati binasında təşkil olunan tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev, AİJA prezidenti Eldar İsmayılov, “İdman Azərbaycan” telekanalının direktoru, AİJA-nın baş katibi Rövşən Binnətli, Pakistan İdman Yazarları Federasiyasının baş katibi Məhəmməd Askar və KİV nümayəndələri iştirak edib.

Lakin qonaqların ardıcıl müraciətlərinə baxmayaraq, MOK rəhbərliyinin qəbul etdiyi qonaqlar gənclər və idman naziri Fərid Qayıbovun qəbuluna düşə bilməyib. Pakistanla mədəni-siyasi əlaqələr, bu ölkənin Azərbaycana olan dəstəyi vecə alınmayıb. Səbəb yəqin ki, jurnalistlərin AİJA xətti ilə ölkəmizə gəlməsi olub. Axı, nazirlik də idman jurnalistlər üçün ayrıca federasiya yaradıb və çətiri altında saxladığı, fəaliyyəti görünməyən qurumu önə çəkmək istəyir. Özləri iş görə bilmirlər, iş görənlərə də hörmətsizlik edirlər.

491948 - Futbolinfo.az

Bəlkə də AİJA-nın fəaliyyəti qənaətbəxş deyil, lakin MOK rəhbərliyi – Çingiz Hüseynzadə, Azər Əliyev ən azı pakistanlı qonaqlara görə bu qurumun nümayəndələrini qəbul edir, dünyada ölkəmizi təmsil edən təşkilata müsbət münasibət göstərir, nazirlik isə öz “sevimli cocuğuna” görə ölkələrarası münasibətlərə də məhəl qoymur. İdman jurnalistləri federasiyası bir sədrdən ibarətdir, o da seçilməyib, təyin olunanlar tərəfindən təyin olunub, guya fəaliyyət göstərir, idman jurnalstlərindən kimsə onların faydalı bir işini görməyib.

Kəsəsi, AGİN-in fəaliyyətinə nəzər yetirmək pis olmaz. Təkcə sadaladığımız faktlar araşdırılsa, ortaya maraqlı mənzərə çıxar. İdman nəticələrinə gəlincə, indidən vəziyyətin əvvəlkindən də pis olacağının proqnozunu verə bilərik. Son Universiadadan tutmuş MDB oyunlarınadək bütün yarışlarda bunu görmüşük, Yay Olimpiadası da istisna olmayacaq. Nazirliyin başı bilet satışına, “Qarabağ”ın qazancına şərik olmağa, jurnalist birlikləri arasında qarşıdurmada tərəf tutmağa, idman məktəblərinə ailə üzvlərini yerləşdirməyə qarışıb.

VÜSAL MAHMUDOV

P.S.: Futbol üzrə milli komandamızın qarşıdakı ev oyunları da Respublika Stadionunda reallaşacaq. Yəqin ki, “Qarabağ”ın başına hörülən corabdan bir cütü üçün də iplik AFFA üçün sifariş verilib.

Shares: