3000 m məsafəyə qaçışda yeni Avropa rekordu ilə “Brilyant Liqa”da qələbə qazanan norveçli Yakob İnqebriqtsen vətənə qayıtdıqdan sonra maraqlı bir yarışda iştirak edib. Gələn həftə baş tutacaq toyu ərəfəsində doğma şəhəri Sandnesdə “pivə mili” qaçışı təşkil edilib.

Qaydalara görə, idmançılar 4 dəfə stadionda dövrə vurmalıdırlar. Amma bu qaçışın digər yarışlardan fərqi, hər bir dövrədən sonra 0,3 litrlik bir şüşə pivəni içmək məcburiyyətidir.

Yakob yarışı 5 dəqiqə 22,42 saniyəyə bitirib. Bu da kanadalı Kori Bellmorun rekordundan (4:28,10) zəif nəticədir. Yarışdan xəbər tutan kanadalı idmançı İnqebriqtseni duelə dəvəti edib.

“Gəlin bir-birimizə qarşı yarışaq. Mən həmişə mərc etməyə hazıram. O, fenomenal idmançıdır və normal qaçışda məndən xeyli üstündür. Amma “pivə mili” haqqında bildiyim hər şeyi ona öyrədə bilərəm. Öyrənsə belə, yenə də məndən zəif olar. Çüni bu, mənim sahəmdir və hər kəslə rəqabət apara biləcəyimi bilirəm. Aydındır ki, Yakob içməyi də bacarır, pivə içməyi öyrənmədən 5,22-lik nəticə göstərmək olmaz”, – deyə Bellmor sosial şəbəkə hesabında yazıb.

Əlavə edək ki, gələn şənbə norveçli subaylığın daşını atacaq və qız rəfiqəsi Elisabet Asserson ilə evlənəcək.

Shares: