II Liqada çıxış edən “Kür-Araz” klubunun təcrübəli futbolçusu Ramazan Abbasovun futbolinfo.az saytına müsahibəsi

– Karyeranızı bitirdikdən sonra “Kür-Araz”a qədər sizə yenidən futbol oynamağı təklif edən olmuşdu?

– 2017-2018 mövsümü futbol oynadığım son mövsüm olmuşdu. Məhz həmin mövsümün sonunda futbolçu karyeramı bitirdiyimi elan etmişdim. Bundan sonra I Diviziondan klublarından çağıran olmuşdu ki, gəl, bizə kömək et. Ancaq özüm istəməmişdim.

– “Kür-Araz”a gəlişiniz necə baş verdi? Uzun müddət böyük futbol oynamayan biri olaraq, 39 yaşda qərar verərkən tərəddüd etdinizmi?

– Dostum, sabiq komanda yoldaşım Saşa Yunisoğlu vaxtilə İmişlini təmsil etmiş “MKT-Araz”ın formasını geyindiyi üçün bu klubun keçmiş rəhbərliyindən ona müraciət olmuşdu. Saşa da məsləhət görmüşdü ki, Ramazan gəlib sizə kömək edə bilər. Bundan sonra rəhbərliklə danışdıq və komandaya qoşuldum. İlk vaxtlarda mənə çətin olacağını gözləyirdim. Çünki futbolla vidalaşandan sonra ancaq minifutbol turnirlərində və dostlarla öz aramızdakı görüşlərdə oynamışdım. Böyük futbol isə tam başqadır. Böyük futbolda çatdırmaq üçün fiziki cəhətdən hazır olmalısan. Çempionat yeni başlayıb. Formaya düşmək üçün əlavə məşqlər də edirik. Açığı, böyük futbolun verdiyi həzzi minifutboldan almaq olmur, bunun ləzzəti başqadır. Neçə illər böyük futbol oynamışam. Karyeranı bitirdikdən sonra dərk edirsən ki, futbolsuz qalmaq çətindir. Hazırda həm də məşqçiliklə məşğulam. “Səbail”in U-13 komandasında işləyirəm. İndi şans düşüb, gedib II Liqada oyunlarda da iştirak edirəm. Əlimdən gələn köməyi əsirgəmirəm.

– Cari mövsümdən I Divizionla əvəzedicilərin çempionatı bir-birindən ayrıldı, üstəlik II Liqa yaradıldı. Komanda sayının bu qədər artacağını, bir çox bölgələrə böyük futbolun qayıdacağını gözləyirdinizmi?

– Bu liqaların yaradılması regionlarda olan cavan və istedadlı uşaqların üzə çıxmasına vasitə olacaq. Mənə də xoş oldu ki, futbolumuzda belə qərarlar qəbul edildi. II Liqa oyunlarına xeyli sayda azarkeş gəlir. Regionlarda futbola maraq çoxdur. Elə görüşlər var ki, azarkeş sayı bugünkü gündə Premyer Liqanın bəzi matçlarına gələn azarkeş sayından qat-qat üstündür. Premyer Liqada bəzi oyunlar olur ki, stadiona heç 100 azarkeş də gəlmir.

– “Kür-Araz” mövsümə “Şəmkir” üzərində qələbə ilə başlasa da, ardınca “Füzuli” və “Göygöl”ə məğlub oldu. Son oyunlardakı uğursuz nəticənin səbəbi nədir?

– Bəli, ilk turda səfərdə “Şəmkir”ə qalib gəldik. İkinci turda evdə “Füzuli” ilə oyunda 1:0 hesabı ilə önə keçmişdik. Təəssüflər olsun ki, sonra 2 qol buraxaraq məğlub olduq. Son turda “Göygöl”lə qarşılaşmada 0:2 hesabı ilə geridə idik. Meydanda 10 nəfərlə qalmağımıza baxmayaraq, tarazlığı bərpa edə bildik. Ancaq bu dəfə qapıçımız qırmızı vərəqə aldı və son 5 dəqiqədə 2 qol buraxaraq, məyus olduq. Heç biri uduzulası oyun deyildi.

– Növbəti turda 3 oyundan sonra aktivində xal olmayan “Kürmük Qax” komandası ilə qarşılaşacaqsınız…

– Bəli, onlarla evdə oynayacağıq. Bizə mütləq qələbə lazımdır. Xal hesabımızı yaxşılaşdırmaq, turnir cədvəlində yuxarı pillələrə qalxmaq istəyirik. İnşallah, qələbə qazanaraq azarkeşlərimizi sevindirərik.

– “Şəmkir”lə oyunda qol və assistlə yadda qalmışdınız. “Göygöl”lə görüşdə də aktivinizə qol yazdıra bildiniz. Geridə qalan 3 oyunda öz çıxışınızı necə qiymətləndirirsiniz?

– Vallah, mənim üçün qol statistikası önəmli deyil. Premyer Liqada oynadığım vaxtlarda da ən çox qol ötürməsinə üstünlük vermişəm. Qollar da vurmuşam, amma yarımmüdafiədə oynadığım üçün assisti üstün tutmuşam. Qolu mənim və ya komanda yoldaşımın vurması önəmli deyil. Çalışırıq ki, bir yerdə qələbə qazanaq.

– Klub rəhbərliyi tərəfindən qarşınıza hansı hədəf qoyulub?

– II Liqada çıxış edən hər bir komandanın istəyi odur ki, çempion olsun və I Liqaya vəsiqə qazansın. Rəhbərlik turnir cədvəlində yuxarı pillələrdə olmağı qarşımıza məqsəd qoyub. Ən yüksək nəticəni göstərmək üçün əlimizdən gələni edəcəyik.

– II Liqada çıxış edən təcrübəli futbolçular meydançaların vəziyyətindən şikayətlənirlər. Liqada sizi narazı salan, düzəlməsini istədiyiniz başqa məqamlar varmı?

– Şəmkirdəki meydança futbol oynanılası meydan deyil. Bizim oyunumuzda həddindən artıq bərbad vəziyyətdə idi. Elə meydanda futbol oynamazlar. Digər bölgələrdəki matçlar da daha çox olimpiya komplekslərinin stadionlarında keçirilir. Onlar süni örtüklü meydançalardır, amma beynəlxalq standartlara cavab vermirlər. Bəzisində ümumiyyətlə, rezin yoxdur, buts geyinirsən, sürüşürsən. Bunlara diqqət yetirsələr, daha yaxşı olar. Hazırda oynadığımız süni meydançalar beton kimi bərkdir, elə yerdə insan hər cür zədə ala bilər.

–  Uzun illər “Bakı” klubunun formasını geyinmisiniz. “Zolaqlılar”ın sələfi “Dinamo” da fəaliyyətini bərpa edərək II Liqada mübarizəyə qoşuldu. “Dinamo”dan sizə “gəl, kömək et” deyən olmadı?

– Bizim uşaqlığımız “Dinamo”da keçib. Mən “Dinamo”nun əvəzedici heyətində oynadıqdan sonra “Bakı”nın əsas heyətinə yüksəlmişdim. Onlardan heç bir təklif almadım. Futbolu atmışdım deyə, yəqin qayıda biləcəyimi düşünməyiblər. “Dinamo”nun fəaliyyətini bərpa etməsi gənc oyunçularımızın hərbi xidmət məsələsinə kömək olacaq. O qədər futbolçu olub ki, əsgərlik vaxtı gələndə hərbi xidmətə gedib, beləcə karyerası bitib. “Dinamo”nun varlığı ümumilikdə Azərbaycan futboluna xeyirdir.

FƏRİD

Shares: