“Kür-Araz”ın təcrübəli futbolçusu Ramazan Abbasov II Liqadakı klubların şəraitindən narazıdır. 39 yaşında karyerasını bərpa edən yarımmüdafiəçi bölgələrdə əziyyət çəkdiklərini deyir.

Ramazan Şəmkirdəki meydançadan xüsusilə narazıdır: “Şəmkirdəki meydança futbol oynanılası meydan deyil. Bizim oyunumuzda həddindən artıq bərbad vəziyyətdə idi. Elə meydanda futbol oynamazlar. Digər bölgələrdəki matçlar da daha çox olimpiya komplekslərinin stadionlarında keçirilir. Onlar süni örtüklü meydançalardır, amma beynəlxalq standartlara cavab vermirlər. Bəzisində ümumiyyətlə, rezin yoxdur, buts geyinirsən, sürüşürsən. Bunlara diqqət yetirsələr, daha yaxşı olar. Hazırda oynadığımız süni meydançalar beton kimi bərkdir, elə yerdə insan hər cür zədə ala bilər”.

Abbasov üçün müsbət məqamlar da var. O, karyerasına başladığı “Dinamo”nun dönüşündən məmnun olub: “Bizim uşaqlığımız “Dinamo”da keçib. Mən “Dinamo”nun əvəzedici heyətində oynadıqdan sonra “Bakı”nın əsas heyətinə yüksəlmişdim. Onlardan heç bir təklif almadım. Futbolu atmışdım deyə, yəqin qayıda biləcəyimi düşünməyiblər. “Dinamo”nun fəaliyyətini bərpa etməsi gənc oyunçularımızın hərbi xidmət məsələsinə kömək olacaq. O qədər futbolçu olub ki, əsgərlik vaxtı gələndə hərbi xidmətə gedib, beləcə karyerası bitib. “Dinamo”nun varlığı ümumilikdə Azərbaycan futboluna xeyirdir”.

Shares: