“Qarabağ”ın sabiq futbolçusu Uroş Matiç Ağdam klubunun Avropa Liqasının qrup mərhələsindəki şanslarını dəyərləndirib.

Serbiyalı yarımmüdafiəçi futbolinfo.az saytına açıqlamasında Azərbaycan çempionunun “Molde” ilə keçirəcəyi ilk tur matçına da toxunub.

O, hər iki komandanın qrupda ikinci yer uğrunda yarışacağını düşünür: “Qarabağ”la “Molde” təxminən bərabər gücdə komandalardır. Hər ikisi qrupda ikinci yerə gözünü dikib. Həmçinin “Hakken”i da unutmaq olmaz. Bu üç komanda arasında ölüm-dirim oyunları olacaq. Birincisi də Bakıda baş tutacaq. Fikrimcə, “Qarabağ” meydan amilindən yararlanaraq, mütləq qalib gəlməlidir. Çünki “Molde” və “Hakken”dən alınacaq hər xal növbəti mərhələyə vəsiqə yolunda qızıla bərabər olacaq”.

“Qarabağ” 2020-21 mövsümündə Çempionlar Liqasının III təsnifat mərhələsində “Molde”yə Kiprdə (0:0) oyunsonrası penaltilərlə uduzduğu qarşılaşmada meydana çıxıb. 33 yaşlı futbolçu həmin görüşü də xatırlayıb: “Molde” ilə oyunumuz neytral meydanda olmuşdu. Özü də Kiprdə Azərbaycan komandasını sevdiklərini demək olmaz. Bərabər səviyyəli mübarizə olmuşdu. Hətta müəyyən mənada biz üstün idik. Penaltilər seriyasında uduzmaq isə bəxtlə olan şeydir. Yəni üç il əvvəlki matçı ilə indikini müqayisə etmək doğru olmaz. “Qarabağ”ı izlədiyim qədərilə onların indi kifayət qədər güclü olduqlarını deyə bilərəm”.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Molde” oyunu saat 20:45-də başlayacaq.

Shares: