Uzun illərdir Azərbaycan futbolunun əsas problemlərindən biri klub azlığıdır. Son vaxta qədər cəmi 8 komandanın iştirakı ilə keçirilən Azərbaycan çempionatı gülüş obyekti idi. Ondan aşağı nüfuza malik liqada isə klubların varlığı ilə yoxluğu hiss edilmirdi.

Nəhayət, bu ildən etibarən liqalar arasında komanda mübadiləsinə start verildi və ölkəmizdə II Liqa da yaradıldı. Bəs, indiyədək bunun gerçəkləşməməsinin səbəbi nə olub?

Sən demə, buvaxta qədər Azərbaycanda futbol klublarının az olmasının səbəbi ad tapa bilməmələrində imiş. Bir qədər ironiya kimi səslənir. Ancaq yeni yaradılmış bəzi komandaların adlarına baxdıqda bunu fikirləşirsən.

Xüsusilə də II Liqaya nəzər yetirdikdə qəribəlikləri görmək mümkündür. 14 komandanın çıxış etdiyi turnirdə Şəkinin “Sheki City” və paytaxtın “Baku Sporting” komandaları var. Məlumdur ki, BƏƏ-dən olan sərmayə qrupunun dünya üzrə “City” adlı klublar şəbəkəsi var. II Liqadakı komandamızın adını gördükdə ilk baxışdan komandanı məhz həmin qrupla bağlayırsan. Düşünmək olar ki, əsas zirvə “Mançester Siti” olan şəbəkə Şəki şəhərində də gənc istedadların yetişməsinə çalışır. Ancaq araşdırdıqdan sonra bunun dediklərimizlə heç bir əlaqəsi olmadığı üzə çıxır.

Azərbaycanın ən qədim yaşayış məskənlərindən olan Şəkinin təmsilçisinə belə adın verilməsi gülünc görünür. Bu şəhərə, onun tarixinə, ənənələrinə aid onlarla ad tapıb qoymaq olardı…

“Baku Sporting” ilə bağlı da eyni sözləri söyləmək mümkündür. “Sportinq” müxtəlif ölkələrdə çox istifadə edilən bir addır. Klub rəhbərliyini belə ad seçməklə qınamaq da olmur. Azad ölkənin vətəndaşı komandasına istədiyi adı qoymaq hüququna malikdir. Ancaq yenə də ilk növbədə bu məsələlərdə milliliyi nəzərə almaq lazımdır. Birgünlük klub kimi deyil, uzunmüddətli layihə planlaşdıran insanlar bir neçə ildən sonra komandasının Avropada ölkəmizi təmsil edə biləcəyini də düşünməlidir. O zaman “Sportinq” də , vaxtilə “İnter”in quru səsləndiyi kimi qulaqlara xoş gəlməyəcək.

162117464fde14f7c699 - Futbolinfo.az

Tarixə nəzər yetirdikdə ölkəmizdə qəribə səslənən bir çox belə komanda olub. Onlara “Bayıl Rovers”, “Rote Fahne”, “ANS Pivani” və başqalarıdır. Hamısı da qısamüddətli layihələr olub və tarixin yaddaşına qovuşublar. İndiki “Sumqayıt” da vaxtilə “Sumqayıt Siti”, “Sumqayıt Şəhər” adları ilə oyunbazlıq etdi və qınaq obyekti olunca indiki vəziyyətini aldı.

Premyer Liqa və I Liqa klublarına nəzər yetirdikdə diqqətçəkən digər bir klub Ağsunun “Difai” komandasıdır. Bu ad da azarkeşlərə tanış gəlmir. Amma tarixə nəzər yetirsək, “Difai”nin ötən əsrin əvvəllərində “Daşnak” partiyasına qarşı bir təşkilat olduğunu və Azərbaycanın maraqları naminə mübarizə apardığını görərik. Ona görə də qazilərin qurduğu komandanı adına görə qınamaq yox, alqışlamaq lazımdır.

“Daşnak” dedikdə ağla dərhal mənfur qonşularımız gəlir. Onların çempionatında çıxış edən komandaların adları isə bir başqa aləmdir. Əvvəlcədən qeyd edək ki, orada da bizdəki kimi 10 komanda çıxış edir. Bu 10 komandadan 7-sinin adı arzu, xəyal və iddialardan ibarətdir. Deməli, yüksək liqada 2 “Ararat” var. Ararat dağını (əsl adı Ağrıdağ) isə ermənilər üzü Türkiyəyə baxdıqda qonşu dövlətin ərazisində görürlər. Son illərdə çempionatın ən güclü komandalarından biri “Alaşkert”in də ismi Türkiyənin Ağrı ilində yerləşən qəsəbənin adındandır. Eyni sözü “Van” klubu haqda da söyləmək olar. Bunlardan başqa, Nuh peyğəmbərinin rəvayətinin baş vermə məskənini özünküləşdirmək və dünyaya çatdırmaq üçün “Noa” komandası da var. Sisianda çıxış edən komandanın adı “Lerain Artsax”dır. Digər bir absurd adlı komanda isə “Urartu”dur. Göründüyü kimi, çempionatda çıxış edən 7 komanda özünə reallıqdan uzaq adlar seçib. Məqsəd isə bu komandaların avrokuboklarda iştirakı və orada çıxış edərkən bu tarixi erməninki kimi yaymaqdır. Bir az da dərinə getsək “Pünik”i də bura əlavə edə bilərik. Komandanın əvvəlki adı, vaxtilə ermənilərin həqiqi vətəni olan Kilikiya olub.

Yenidən Azərbaycan klublarının adlarına qayıdaq. Bütün ölkədə olan problem burada da mövcuddur. Məlum olduğu kimi, bəzi sözlər hətta rəsmi orqanlar tərəfindən belə düzgün yazılmır. Belə olan halda futbol klubuna ad qoyan və ya şəhərdə reklam bannerinə ad yazan dizaynerlərdən Azərbaycan dilinin qrammatik qaydalarını necə tələb edəsən? Uzun illərdir ölkədə ehtiyat sözünü iki “Y” ilə yazan reklam dizaynerləri birazdan bu sözü elə bu tərzdə orfoqrafiya lüğətimizə saldıracaqlar. Belə misalları yüzlərlə gətirmək olar.

Futbol üzrə Premyer Liqamızda “Turan Tovuz” və “Araz-Naxçıvan” komandaları var. Eyni məntiq və qayda ilə qurulan iki komandanın adı fərqli yazılır. Birində defis var, digərində isə yoxdur. Azərbaycan dilinin rəsmi qaydalarında da bununla bağlı nəsə tapmaq mümkün deyil. Amma dünyada klubun adı ilə şəhərin adı heç bir yerdə defislə yazılmayıb. Amerikada basketbolundan tutmuş beysbola qədər bütün liqalarda belədir (Sakramento Kinqs, Florida Panters).

Ümumiyyətlə , Azərbaycanın ən böyük dilçi alimləri də defisin nə olduğunu düzgün izah etmirlər. Bəzilərinin fikrincə, defis durğu işarəsidir. Digərləri isə onu bu kateqoriyaya aid etmir. Bildirmək lazımdır ki, defis orfoqrafik işarədir və onun əsas funksiyası sözləri sətirdən-sətirə keçirmək və tərkibi sözlərin arasında işlənməkdir. Dilimizin qaydalarına görə, defisin 35 müxtəlif funksiyası var.

Yəni, bütün bunları yazmaqda məqsəd yuxarıda adını çəkdiyimiz komandaların heç birinin orfoqrafik qaydaları pozmadıqlarını göstərməkdir. Burada qəribə gələn vizual görünüşdür. Eyni məntiq iki formada təqdim edilib.

Bu gün komandalarımızın adlarının bu cür hala gəlməsinin bir səbəbi də hüquqiliklə bağlıdır. Vaxtilə borcu olan klublara yiyələn yeni sahiblər əvvəlki borcları öz üzərilərinə götürməmək üçün ada nəsə bir şey əlavə edir. Belə olan halda klub tam başqa hüquqi şəxsə çevrilir. Məhz bunun səbəbidir ki, ölkəmizdə bir sıra klubların adlarına əlavələr edilib və onların tarixi itirilib.

İLQAR AĞAYEV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

fggfh 1 1 1 1 1 1 768x615 1 1 2 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 2 1 1 1 - Futbolinfo.az
Shares: