AFFA-nın vitse-prezidenti Elxan Məmmədov 2024-cü il seçkiləri üçün hazırlığa başlayıb. Bu dəfə özü prezident olmaq istəyir, ən pis halda Rövnəq Abdullayevin postunda saxlanılmasına çalışır ki, illər ərzində etdiklərinin üstü açılmasın, sirrlərin üstünə pərdə çəkə bilsin.

“Sumqayıt” və “Səbail”də idarəetməni hələ də əlində saxlayan Məmmədov AFFA-nın daxilinə əvvəlki qədər nüfuz edə bilmir. Bir çox bacarıqsız kadrının futboldan kənarlaşdırılması onun qol-qanadını qırsa da, yenidən özünə gəlmək üçün müxtəlif variantlara əl atır.

15 ildən çoxdur Azərbaycan futbolunun bünövrəsini qazan bu şəxsin Parisə, FIFA-da vəzifəyə gedişindən (əslində, qaçmasından – red.) sonra ölkədə mütərəqqi işlər görülməyə başlayıb. Çoxminlik müqavilələrlə çalışan faydasız əcnəbilər yola salınıb, liqalarda intizam yaradılıb, səviyyə artıb. Artıq daim onun qadağaları ilə üzləşən sponsorlar futbola sərmayə qoymağa başlayıb, xaos aradan qaldırılıb. Regionlarda futbolun inkişafı, bölgə komandalarının sayının çoxalması, futbol coğrafiyasının genişlənməsi də Elxan bəyin fəal idarəçilikdən uzaqlaşdırılmasından sonra reallaşıb.

Amma Məmmədov böyük pulların əlindən çıxması ilə razılaşa bilmir və qayıdışının planlarını cızır. Martda FIFA ilə müqaviləsi başa çatacağından indidən AFFA-da möhkəmlənmək üçün konturlar müəyyənləşdirir. O, bir çox adama vədlər verib, qayıtdıqdan sonra onlara güvənəcəyini deməklə aldatmağa çalışır. Hətta vaxtilə düşmən olduğu insanları da bayrağı altında toplamağa çalışır.

Təbii ki, səriştəsizliyi, bacarıqsızlığı, şəxsi maraqlarını hər şeydən üstün tutması ilə yadda qalan, ifşa olunan bu şəxsin futbol idarəçiliyinə dönüşü mümkünsüzdür. Qazandığı mənfi imicdən sonra ona güvənilməsi real deyil. Amma Məmmədov niyyətindən əl çəkmir.

Əldə etdiyimiz bilgiyə görə, ilin sonunda FIFA rəhbərliyinin, hətta prezidentinin Azərbaycana səfəri gözlənilir. Buna ehtiyac, xüsusi səbəb olmasa da, AFFA-nın hazırkı rəhbərliyi belə bir plan qurub. Məqsəd dövlət rəhbərliyi ilə görüş və özlərinin futbolda qalmaları üçün reklam kampaniyası təşkil etməkdir.

Bununla yanaşı, Məmmədov bəzi kadrları müxtəlif vəzifələrə təyin etdirməkdən də çəkinmir. Futboldakı dayaqlarını itirməmək üçün hazırda bir neçə şəxsin təyinatı üçün işlər aparılır. Belə ki, Ceyhun Sultanovu “Kəpəz”də rəhbərliyə gətirmək istəyən Elxan bəy Fərəc Əliyevə də iş söz verib. Sultanov “Neftçi”dən qovulduqdan sonra əsasən menecer kimi fəaliyyət göstərir, Əliyevsə “Səbail”dəki səriştəsiz fəaliyyətindən sonra havada qalıb. Onun “Araz-Naxçıvan”a gedişi reallaşmadı, indi isə “Qəbələ”yə və ya başqa bir kluba calaq edilməsi planlaşdırılır. Məqsəd Məmmədovun adamlarının sayını artırmaq, klublara təsir etmək gücünü qaytarmaqdır.

Daha bir təyinat Kamran Quliyevin adı ilə bağlı ola bilər. “Neftçi ilə vidalaşan sabiq prezidentə AFFA-da vəzifə sözü verilib, hazırda uyğun post axtarılır.

Məmmədovun dayanmadığı aşkar görünür. O, futbolda etdiklərinə görə xəcalət çəkmək əvəzinə, iddialarından əl çəkmr və 2024-cü il seçkilərinə kimi yeni komanda yığmağa çalışır.

AĞA

Shares: