Həftəsonu Misli Premyer Liqasında növbəti oyununu keçirəcək “Araz-Naxçıvan” məşqlərini davam etdirir.

Futbolinfo.az xəbər verir ki, komanda bu gün matçın keçiriləcəyi Bayıl qəsəbəsindəki “ASCO Arena”da reallaşdırıb.

Təxminən 90 dəqiqə davam edən çalışmada məqsəd oyunçüların süni örtüyə uyğunlaşması idi. Hazırlıqdan sonra komandamızın baş məşqçisi Azər Bağırov klub saytına açıqlama verib:

“Şükürlər olsun ki, komandada hər şey qaydasındadır. Bu gün məşqimizi oyunun keçiriləcəyi “ASCO Arena”da reallaşdırdıq. Çalışdıq uşaqlar arenanın örtüyünə uyğunlaşsın. Zədəli futbolçularımız sağalıb və komandaya qoşulublar. Yalnız Məhəmməd Kadiri qırmızı vərəqə cəzalısı olduğuna görə meydana çıxa bilməyəcək. Əhval-ruhiyyə yaxşıdır. Uşaqlar oyunun məsuliyyətini dərk edirlər”.

Baş məşqçi “Neftçi” üzərində qazanılan qələbənin komanda üzvlərində eyforiya yaratmadığını da qeyd edib: “Eyforiyadan və ya hansısa arxayınlıqdan söhbət gedə bilməz. Əksinə, bu cür qələbələr özünəinamı artırır. Futbolçularla istər kollektiv, istərsə də fərdi söhbətlər zamanı vurğulayırıq ki, yüksəlişə qalxmaq nə qədər çətindirsə, orada dayanmaq ondan da çətindir. Ona görə də bütün görüşlərə tam konsentrasiya olmalı, bu yanaşmanı digər görüşlərə də daşımalıyıq”.

A. Bağırov bazar günü qarşılaşacağı rəqiblə bağlı da fikirlərini bölüşüb: “Səbail” son 3 oyunda qələbə qazanıb, “Qarabağ” kimi iddialı komandanı məğlub edib. Bu da onu göstərir ki, rəqib kəsərli əks-hücumlar qurur. Maraqlı oyun olacaq. Azarkeşlərimizə səslənirəm ki, gəlin, tribunada yerinizi tutun, komandamızı dəstəkləyin”.

Shares: