Jurnalistlərlə mütəmadi bir araya gələn “Qarabağ” rəhbərliyi bu gün növbəti tədbiri reallaşdırdı. Ölkənin aparıcı mətbuat nümayəndələri ilə görüş klub prezidenti Tahir Gözəlin sayəsində daha çox söhbət, müzakirə ortamında keçdi.
Klubun uğurlarının, problemlərin müzakirə edildiyi tədbirin səmərəli alındığını demək olar. Jurnalistlər üçün maraq doğuran bir sıra məsələlərə səmimi cavablar aldıq, təkliflərimizi bildirdik. Tahir bəyn həssaslıq göstərməsi, qeydləri qəbul etməsi alqışlanmalıdır.
Klub rəhbəri media əhli ilə söhbətində klub akademiyasının fəaliyyətindəki qüsurları qəbul etdi və elə görüşdəcə digər rəsmilərə göstəriş verdi. Ağdam klubu tezliklə böyük akademya layihəsinin icrasına başlayacaq. “Qarabağ” adına layiq, heç bir qüsuru olmayan, yüksək səviyyəli futbolçuların yetişəcəyi akademiya açılacaq.
Elə görüşdəcə qərar verildi və Tahir bəy lazımi maliyyəni ayıracaqlarını, əsas komanda ilə yanaşı uşaq komandalarına da diqqətin artırılacağını vəd etdi. İlkin olaraq 3 illik plan əsasında fəaliyyət başlayacaq. Hələlik əldə olan imkanlara uyğun davranılacaq, daha sonra isə yeni, müasir akademiya inşa ediləcək. Və bütün bunlar əsas komandaya diqqət azaldılmadan reallaşdırılacaq.
Qurban Qurbanovla bağlı uzunmüddətli planlarının olduğunu, yola davam edəcəklərini deyən Tahir bəy akademiyanın inkişafında da baş məşqçiyə ehtiyac duyur: “Akademiyanın inkişafında onun bizim yanamızda olması lazımdı. İşə münasibəti, yanımızda duruşu bizim üçün vacibdi”.
Əslində, yuxarıda qeyd etdiklərimiz bəlkə də yazılmamalı idi. Çünki klub prezidenti bütün söhbətlərin yox, başqa bir məsələnin qələmə alınmasını xahiş etdi: “Nə yazarsınız, özünüz bilərsiz. Amma sizdən bircə xahişim var – mümkünsə, bunu mütləq işıqlandırın. Biz dövlətdən torpaq sahəsi istəyirik. İki ildən çoxdur problemin həllini tapa bilmirik, müraciətimizə cavab vermirlər. Akademiyanın durumundan narazıyıq, lakin yüksək səviyyəli akademiyanın qurulması üçün bizim böyük torpaq sahəmiz olmalıdır”.
Tahir bəy fikirlərini izah etdi: “Süni örtüklü bir meydan tikməklə və ya akademiya binası tikməklə olmur. Bu məsələ kompleks həll olunmalıdıdır. Biz istəyirik ki, akademiyada hər cür şərait yaradaq, 4-5 məşq meydançamız olsun, ən istedadlı futbolçuları yetişdirə bilək. Qaraçuxurda belə bir torpaq sahəsinə baxmışıq, amma oranın ixtiyarımıza verilməsi lazımdır. Bu məsələdə dövlətdən yardım gözləyirik. İki ildən çoxdur demişik, müsbət cavab ala bilmirik”.
Tahir bəy Suraxanıda, klubun bazasının yaxınlığındakı torpaq sahəsinin onlara verilməməsindən də danışdı: “O vaxt qərar, tapşırıq verildi, oradakı ərazi klubumuza verilməliydi. Amma bugünədək biz oranı təhvil almamışıq. Halbuki əsas komandanın infrastrukturunun böyüdülməsi, klubun daha yüksək səviyyəyə çatdırılması üçün tapşırığın yerinə yetirilməsi yaxşı olardı. Bu gün bizə daha vacib olan akademiya ilə bağlı işlərin reallaşdırılmasıdır və bizim müvafiq əraziyə ehtiyacımız var. Ümid edirik ki, dövlət qayğısını bizdən əsirgəməyəcək”.
Əslində, bu görüşdə “Qarabağ” rəhbərliyi illərdi tənqid olunduğu məsələnin hansı problemdən qaynaqlandığını açıqladı. Uşaq futbolunda kluba layiq irəliləyiş üçün Ağdam təmsilçisi böyük iş görmək istəyir.
“Qarabağ”ın əsas komandası illərdir üzərinə düşən missiyanı layiqincə yerinə yetirib, uşaq futbolu ilə bağlı vədlərinə əməl edəcəklərinə də heç bir şübhə yoxdur. Sadəcə, bu şəraiti yaratmaq lazımdır. Heç vaxt “Qarabağ”dan diqqətini əsirgəməyən dövlət strukturlarının da bu məsələyə biganə qalmağacağına ümid edirik.
FƏRİD