Milli komandamızın və “Qarabağ”ın sabiq futbolçusu, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçi köməkçisi Emin İmaməliyevin futbolinfo.az saytına müsahibəsi
– “Qarabağ” Avropa Liqasının qrup mərhələsində keçirdiyi ilk oyunda “Molde”ni 1:0 hesabı ilə məğlubiyyətə uğratdı. Oyunla bağlı fikriniz necədir? “Qarabağ”ın optimal formasını artıq bərpa etdiyini deyə bilərik?
– İlk öncə “Qarabağ”ı təbrik edirəm. “Molde” ilə matçda möhtəşəm oyun sərgilədilər və layiq olduqları qələbəni əldə etdilər. Ümumilikdə 90 dəqiqə “Qarabağ”ın üstünlüyü şəraitində keçdi. Rəqibi hərtərəfli üstələdilər, bütün komponentlərdə Norveç klubundan güclü oldular.
– “Molde” ilə qarşılaşmada “Qarabağ”ın heyətində ən çox kimi bəyəndiniz?
– Ayrı-ayrılıqda hansısa futbolçunu vurğulamaq istəmirəm. Çünki “Molde” ilə görüşdə “Qarabağ”ın hər bir oyunçusu meydanda əlindən gələni etdi. Bunun sayəsində də qələbə qazandılar. Mənə görə meydanda olan hər bir futbolçu ən yaxşı sözlərə layiqdir.
– “Qarabağ”ın yeni transferlərinin çıxışı haqda nə deyə bilərsiniz? Yeni gələnlər komandaya tam uyğunlaşa, əlavə güc qata biliblər?
– Qapıçı Lunyovun “Qarabağ”ın heyətində avrokuboklarda ilk oyunu idi. Fikrimcə, qarşıdakı matçlarda komandaya daha çox xeyir verəcək. Juninyo “Molde” ilə matçda ən yaxşı oyunlarından birini keçirdi. Yavaş-yavaş o da “Qarabağ”ın gücünə güc qatacaq. Yeni transferlər özlərini yaxşı tərəfdən göstərməkdədirlər. “Qarabağ” həmişə öz oyun sisteminə uyğun futbolçular transfer edir. Gələnlərin bir müddət adaptasiyaya ehtiyacları olur, tədricən komandaya əlavə güc qatmağa başlayırlar.
– “Qarabağ”ın Avropa Liqasında qrupdan çıxmaq, növbəti mərhələyə yüksəkmək şanslarını necə qiymətləndirirsiniz?
– “Qarabağ” bu qrupdan ən pis halda ikinci yerlə çıxa bilər. Düzdür, futbolda hər şey mümkündür. Bugünkü gündə biz “Bayer”i açıq-aşkar favorit görürük. Amma bu, futboldur. Mənə elə gəlir ki, “Qarabağ” “Bayer”ə də qarşı gözəl oyun nümayiş etdirə, hətta rəqibdən xal ala da bilər. “Qarabağ”a qrupdakı növbəti oyunlarda uğurlar arzulayıram.
– Ölkə çempionatının cari mövsümü haqda da fikirlərinizi bilmək istərdik. Əksəriyyət yüksək dəstədə rəqabətin artdığını düşünür. Geridə qalan 6 turdan sonra hansı komandalar çempionata rəng qatırlar?
– Cari mövsüm çox maraqlı başlayıb. Hər komanda iddiasını ortaya qoyur. Bütün turlar, bütün oyunlar maraqlı keçir. Çempionata rəng qatan komanda kimi “Araz-Naxçıvan”ın adını çəkərdim. Debütant olsalar da, mövsümə yaxşı start veriblər.
– “Qarabağ”ın bu mövsüm rahat çempion ola bilməyəcəyini düşünənlər var. Siz qızıl medallara ən real namizəd qismində kimi görürsünüz?
– Çempionluq uğrunda mübarizə ağır keçəcək. Nəzərə almaq lazımdır ki, “Qarabağ” həm Avropa Liqasında, həm də çempionatda mübarizə aparır. İstər-istəməz komandaya ikiqat güc düşür. Düşünürəm ki, builki çempionatın hər turunda maraqlı oyunlar izləyəcəyik.
– Cari mövsümdən I Divizonla əvəzedicilərin çempionatı ayrıldı, üstəlik II Liqa yaradıldı. Bu qərarlarla bağlı fikirləriniz necədir?
– Bu qərarların verilməsi futbolçular üçün yaxşı oldu. Gənc futbolçuların daha çox oynaması, inkişafı üçün yaxşı fürsət yarandı. I və II Liqa hələ yeni başlayıb, cəmi 2-3 tur keçirilib. Əminəm ki, hər iki liqada maraqlı oyunların şahidi olacağıq.
CAVAD