Milli komandamızın sabiq üzvü Emin İmaməliyev çempionatda maraqlı mübarizə gözləyir. Sabiq futbolçu bu barədə futbolinfo.az saytına danışıb.
İmaməliyev çempionluğa aşkar favorit görmür: “Cari mövsüm çox maraqlı başlayıb. Hər komanda iddiasını ortaya qoyur. Bütün turlar, bütün oyunlar maraqlı keçir. Çempionata rəng qatan komanda kimi “Araz-Naxçıvan”ın adını çəkərdim. Debütant olsalar da, mövsümə yaxşı start veriblər. Çempionluq uğrunda mübarizə ağır keçəcək. Nəzərə almaq lazımdır ki, “Qarabağ” həm Avropa Liqasında, həm də çempionatda mübarizə aparır. İstər-istəməz komandaya ikiqat güc düşür. Düşünürəm ki, builki çempionatın hər turunda maraqlı oyunlar izləyəcəyik”.
Hazırda məşqçi kimi çalışan Emin bəy aşağı liqaların təşkilindən də məmnundur: “Bu qərarların verilməsi futbolçular üçün yaxşı oldu. Gənc futbolçuların daha çox oynaması, inkişafı üçün yaxşı fürsət yarandı. I və II Liqa hələ yeni başlayıb, cəmi 2-3 tur keçirilib. Əminəm ki, hər iki liqada maraqlı oyunların şahidi olacağıq”.