Formula 1 üzrə Yaponiya qran-prisinin təsnifat mərhələsi geridə qalıb. Sərbəst yürüşlərdə güclü nəticələr göstərən Maks Ferstappenin qələbəsi heç kimdə təəccüb doğurmayıb. Yalnız ikinci sessiyada Şarl Leklerin protokollara başçılıq etməsi “Ferrari” azarkeşlərini müəyyən qədər ümidləndirib.
Təsnifat mərhələsinin ənənəvi hadisələrindən biri Loqan Sarcintin qəzaya uğraması olub. “Vilyams” sürücüsü bu mövsüm qəzaları sıralamaqla məşğuldur. Ona görə ilk sessiya vaxtından 15 dəqiqə gec başa çatıb. ABŞ-li sürücüdən savayı Quanyu Jou, Valtteri Bottas, Lens Stroll və Niko Hülkenberq yarışı ilk sessiyada dayandırıblar.
İkinci sessiya daha maraqlı alınıb. Çempionatın debütantı və zədəli Rikardonu əvəz edən Liam Lousona son sessiyaya keçməyə cəmi 0.043 saniyə çatmayıb. Onun komanda yoldaşı Yuki Sunoda isə bunu etməyi bacarıb və tribunaya toplaşan azarkeşləri sevindirib. Lousondan başqa Kevin Maqnussen, Pyer Qasli, Esteban Okon və Aleksandr Elbon da mübarizəni dayandırıb.
Həlledici final sessiyasında isə Maks Ferstappen ilk cəhdindən əlçatmaz olduğunu göstərib. “Maklaren” komandasının sürücüləri Oskar Piastri və Lando Norris sonrakı yerlərdə qərarlaşıblar.
Xatırladaq ki, final mərhələsi sabah Bakı vaxtı ilə 09:00-da start götürəcək.