Misli Premyer Liqasında 7-ci tur heç-heçələrlə başladı. Baxımlı futboldan çox gərgin mübarizəyə səhnə olan, qonaqların daha yaxşı təsir bağışladığı görüşlərdə hamı iki xal itirdi. Və bu, digərlərinin işinə yarayacaq.

“Turan Tovuz” ardıcıl ikinci heç-heçə ilə liderlər qrupundakı mövqeyini qorudu. Hakim şübhəli epizodda VAR-a getsəydi, bəlkə də penalti qərarı verib qonaqların qələbəsini rəsmiləşdirəcəkdi. Lakin olmadı və “Sumqayıt”ın ilk 20 dəqiqəsini yaxşı keçirdiyi, qalan vaxtda qərblilərin ciddi şanslar qazanıb dərələndirə bilmədiyi oyunda hesab açılmadı.

Mövsümə əla başlayan “Sumqayıt”ın evdə qələbə həsrəti davam etməkdədir. Və bu, “kimyaçılar”ı yavaş-yavaş son pillələrə itələyir. “Turan Tovuz”sə məhz səfər oyunlardakı yaxşı nəticələrin hesabına hələ də liderlər qrupundadır.

“Zirə” sanki zirvəni itirmək qorxusunun əziyyətini çəkir. Komandanın son oyunları ürəkaçan deyil. Düzdür, komanda uduzmadı, amma dünənki matçda “Neftçi” aşkar üstün idi. Qəsəbə təmsilçisi bütün planını heç-heçə üçün qurdu, istəyinə nail oldu.

Ən yaxın izləyicisi ilə 5, “Neftçi” ilə 7 xallıq fərqi qoruyan “Zirə” iddialılardan “Qarabağ”la “Sabah”ı yenib “Neftçi”yə uduzmaması ilə öyünə bilər. Amma bir şərtlə ki, digər rəqiblərlə oyunlarda komanda qələbə qazansın. “Zirə” zirvədə qalmaq naminə “uduzmamaq kifayətdir” prinsipi ilə oynasa, qışa kimi zirvədə qala bilməyəcək.

İnsaf naminə “qartallar”ın heyətlə bağlı problemi var. Faktiki, komandanın hücum potensialı çox zəifdir. Lakin bunun günahı da elə klubun özündədir. Hücumçu transferində yubanan kollektiv bu gün dayaq yarımmüdafiəçisinə qol ümidi kimi baxır. Bu vəziyyətdə dünən ən yaxşı oyunlarından birini keçirən “Neftçi”yə uduzmamağı qənimət saymaq olar.

“Neftçi”nin yaxşı oynamasının bir səbəbi “Zirə”nin ehtiyatlı davranışı idisə, digər səbəb Adrian Mutunun seçimləri idi. Rumın məşqçi yeni komanda quruculuğundan danışır, lakin dünən cəmi 4 yeni futbolçu start heyətdə idi və məhz “köhnələr” yaxşı oyunu təmin etdi. Yayda heyətə cəlb edilən futbolçuların 6-sı ehtiyatda qalırsa, yeni komanda quruculuğundan söhbət gedə bilməz, deməli, Mutu transfer çalışmalarında ciddi səhvlər edib.

“Neftçi” mümkün 21 xaldan artıq 12-i itirib. Belə göstərici ilə çempionluğa iddia etmək axmaqlıqdır. Ehtiyatda bu qədər əcnəbi hücumçu ola-ola müdafiədə “oturan” “Zirə”yə qol vura bilməmək həm acizlikdir, həm də transfer siyasətinin düzgün aparılmamasının ifşası.

Bu gün liderlər qrupun sürpriz şəkildə daxil olan iki komandanın dueli maraqla gözlənilir. Autsayderlər qrupuna enmiş “Sabah”ın “Kəpəz”lə necə oynayacağı da önəmlidir. Kim qalib gəlsə, əsas rəqiblərinin xal itirdiyi turda ciddi irəliləyiş əldə edəcək.

FƏRİD

Shares: