“Sabah”ın itirdiyi hər xal Murad Musayevin istefaya gedən yoluna bir kərpic döşəyir. Rusiyalı mütəxəssisin arqumentləri boş bəhanədir. Komanda psixoloji cəhətdən çöküb, daxildə ab-hava yerində deyil və vəziyyəti düzəltməli olan yeganə şəxs baş məşqçidir. O isə böhran vəziyyətində komandanı idarə etməyi bacarmır.

“Sabah” 6 oyuna 5 xal toplayıb. Ötən mövsümkü komanda ilə indikinin nəticələrini müqayisə etmək mümkün deyil. Və nəticələrdən başqa hər şey eyni, hətta daha yaxşıdır. Rəhbərliyin qayğısı, böyük büdcə, zəngin heyət – Musayevin istədiyi heç bir şeyə “yox” deyilməyib. Murad bəy isə uğursuz gedişə son qoya bilmir. Meydanda ruhsuz komanda, potensialından aşağı çıxış edən futbolçu dəstəsi var.

Ya rəqibləri “Sabah”ı daha yaxşı analiz edir və məşqçinin onları təəccübləndirmək üçün fərqli variantları yoxdur, ya da ötən mövsüm “Sabah” klub olaraq uğurlu axına düşübmüş, biz isə bunu Musayevin bacarığının nəticəsi bilmişik. İstedadlı, təcrübəli məşqçi uğurun davamını gətirməliydi, masazırlılar isə autsayderlər qrupunun sakininə çevrilib.

Zaman keçdikcə Murad bəy daha çox şoumen bacarığını sərgiləyir. Demək olar hər tur vərəqə alan məşqçinin etdikləri artıq iyrənc görünməyə başlayıb. Bəlkə də bəzən hakimlərin ona münasibəti aşırı sərt olub, əksər hallarda isə layiqli cəzasını alıb. Qafqazda dəlisov oğlanlar daha çoxdu, Musayev özünü bu cür göstərməkdənsə, peşəkar işini nümunəyə çevirsin. Oyunçularla münasibətlərin qaydasında olmadığı da aşkar görünür. Belə davam edəcəyi halda rusiyalı mütəxəssis komandaya çox ziyan verəcək və bəlkə də onu yola salmaq daha məntiqlidir.

“Kəpəz”lə oyunda komanda məhz qapıçı səhvindən iki qol buraxdı. Həmin qapıçı ki, Musayevdən yersiz şans almışdı və indiki böhranlı vəziyyətdə belə təcrübəsiz qolkiperin “çərçivə”yə qoyulması səhv idi. Problem qapıda yox, 3 oyundur qol vurmayan komandanın yarımmüdafiə və ön xəttində idi. İndi uğursuzluğu Rüstəm Samiqullinin yox, onu heyətə qoyan məşqçinin boynuna qoymaq lazımdır.

Ümumiyyətlə, belə bir oyunçunun “Sabah” kimi iddialı komandada nə işi var? Daha əvvəl oynadığı komandalarda “bir nömrə” olan Nicat Mehbalıyevə layiq olduğu şansı verməyən, onun əvəzedici komandaya göndərilməsinə səbəb olan məşqçi öz səhvini də görməlidir. Yusif İmanovu istedadına görə hər nə qədər tərifləsək də, “Partizan”ın keçilməməsinə görə məhz o günahkar idi. Musayev ilk gündən heyətdə ən azı bir təcrübəli qolkiper saxlamalıydı, 3 cavanla yola çıxmaq səhvdir, eyni səviyyəli bu əlcək sahibləri bir-birindən nə öyrənəcək?

Musayev hakimlərə də lazım olandan çox “yüklənir”. Evdə büdcəsi “Sabah”dan 3-4 dəfə az olan “Turan Tovuz”a 0:3 hesabıyla yenilmək, “Kəpəz”i uda bilməmək sırf Musayevin problemidir. Və o sakitləşməsə, düzgün analizlər aparmasa, səhvləri sıralayacaq. Az qala bütün hakimlərlə düşmən olan bu şəxsin uğur qazanmaq perspektivi yoxdur, ədalət təmsilçiləri onlara qarşı haqsızlıq edən mütəxəssisə rəğbət bəsləyə bilməzlər.

“Sabah” rəhbərliyi tələsməli, gedişata əl qoymalıdır. Bu nəticələr komandaya uğurlu gələcək vəd etmir. Komanda qara zolağa düşə, ardıcıl xallar itirə bilər, lakin “Sabah”da durum başqadır. Paytaxt klubunda məşqçi və oyunçular arasında rabitənin olmadığı, bir-birini sevmədikləri dəqiqdir. Hardasa yanlışlar olub, ya onlar tapılıb düzəldilməli, ya da məşqçi yola salınmalıdır. Komandanın mərhələli inkişafı üçün sabit qalması şərtdir. “Sabah”da isə ciddi problemlər var. Hələ gec deyil, özünə gəlmək, mübarizəyə qatılmaq üçün şans var – aşağı-yuxarı ötənilki heyətdir. Problemə baxmaq yox, onu həll etmək gərəkdir.

Musayevin mətbuat konfransında işlətdiyi bir ifadə maraqlı idi. O, Mehbalıyevin əvəzedici heyətə göndərilməsinin səbəbini rəhbərlikdən soruşmağı məsləhət bildi. Bu, korrektə edilməmiş açıqlama idi, rəhbərliklə aralarında problem olmasına şübhə yaradır. Halbuki belə olmadığını bilirik.

“Kəpəz”ə gəlincə, “Sabah” və “Qarabağ”la səfər heç-heçələri, Gəncədə “Neftçi” üzərində qələbə… Qərblilər bütün xallarını son mövsümün mükafatçılarından alıb, digər 4 görüşü uduzub. Deməli, komandanın potensialı var, sadəcə, özü səviyyəsində olan rəqiblərlə görüşlərdə motivasiya kifayət etmir. Azər Məmmədov bu çatışmazlığa çarə tapmalıdır, əks halda liderləri büdrətmələr yalnız xoş xatirə kimi yadda qalacaq.

AĞA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp