Heç-heçə ənənəsinə Bayılda son qoyuldu. “Səbail” “Araz-Naxçıvan”ı yeganə qolla məğlub edib 7-ci turun ən qazanclı komandasına çevrildi.
7 tura 13 xal toplayan “dənizçilər” bunun 12-ni son 4 turdakı ardıcıl qələbələrlə əldə edib. Əla seriya yaxalayan Bayıl təmsilçisi artıq 2-ci pillədədir. İlk turlardakı bəxtsiz büdrəmələr olmasaydı, Şahin Diniyevin yetirmələri indi hamıya yuxarıdan aşağı baxırdı.
“Səbail” dünən o qədər də baxımlı futbol oynamadı. Əvvəlki matçlardan fərqli olaraq, qol vurduqdan sonra sırf nəticəni düşünən meydan sahibləri gözəlliyi nəticəyə qurban verdi. Lakin bu qəbulolunandır, “dənizçilər”in daha yaxşı oynayıb qələbəyə həsrət qaldığı matçlar da olub. İndiki halda turnur cədvəlinin üst pillələrində qalmaq daha önəmlidir.
Zaman göstərir ki, illər ərzində layiq olduğu şansı almayan Diniyevə qarşı haqsızlıq edilib. Çalışdığı bütün komandalarda ortaya iş qoyan mütəxəssis qısa müddətdə əziyyətinin bəhrəsini görür. Ötən mövsüm çətin vəziyyətdə götürdüyü komandanı Premyer Liqada saxlayan mütəxəssis, indi sırf özünün formalaşdırdığı kollektivlə təəccübləndirir. “Səbail”in öz oyun dəst-xətti var, Diniyev məhz öz üslubuna uyğun seçdiyi futbolçularla gözləniləndən yaxşı çıxış edir.
“Səbail” büdcəsinə görə zəif olduğu bir çox komandanın üstündədir. Hətta dünən “Araz-Naxçıvan”ın heyətində yer alanlar da rəqib oyunçularla müqayisədə daha bahalı legionerlərdir. Fərq ondadır ki, Diniyev komanda formalaşdıra bilib. Qarşıdakı turlarda komandada müəyyən eniş ola bilər. Heyət o qədər də zəngin deyil, zədə, yorğunluq və s. səbəblərdən büdrəmələr olacaq. Amma “Səbail”in ən azı avrokuboklar mübarizəsinə rəng qatacağı dəqiqdir.
“Araz-Naxçıvan” dünən məğlub olmasaydı, liderlər qrupunda vəziyyət daha gərgin olacaqdı. Lakin məğlubiyyət də muxtar respublika təmsilçisinin yaxşı mövsüm keçirməsinə kölgə salmır. Komandanın gec yığılması, heyətin tam komplektləşməməsi acı nəticələrini indi göstərir. Bununla belə, naxçıvanlılar asan məğlub ediləcək kollektiv deyil. Azər Bağırovun əlinin altında olan yerli futbolçu potensialı daha yaxşı olsaydı, bəlkə də xal ehtiyatı daha yaxşı olardı.
3 heç-heçənin qeydə alındığı turda seriyanı pozan matç Qəbələdə bu gün keçiriləcək oyunun da əhəmiyyətini artırdı. “Səbail”in nəticəsi “Qarabağ”ı qələbəyə daha çox məcbur edəcək. Lider “Zirə” ilə xal fərqinin azalması, “dənizçilər”in uzağa qaçmaması üçün bu həftə avrokubok oyunu olmayan ağdamlılar qarşılaşmaya daha ciddi yanaşacaq. Ancaq meydan sahiblərinin asan təslim olacağını gözləməməliyik. “Qəbələ” ona şərik olan komandaların xal bölüb önə keçməsindən sonra geri qalmamağa çalışacaq.
FƏRİD