“Qarabağ”ın futbolçusu Julio Romao Braziliya mətbuatına açıqlama verib.
Futbolinfo.az saytı xəbər verir ki, yarımmüdafiəçi Avropa Liqasının qrup mərhələsinin ilk turunda Norveç klubu “Molde” üzərində qazanılan 1:0 hesablı qələbəni həmvətənləri üçün dəyərləndirib.
O, bundan sonrakı görüşlərə də eyni istəklə çıxacaqlarını bildirib: “Qələbə ilə başlamaq həmişə vacibdir. Bu, şübhəsiz ki, gələcəkdə bizə kömək edəcək. Deməli, düzgün başlamışıq ki, qələbə ilə mükafatlandırılırıq. Biz eyni diqqətlə davam etməliyik”.
“Qarabağ” yer aldığı H qrupunun III və IV turlarında Almaniya “Bayer”i ilə qarşılaşacaq. Romao rəqibdən çəkinmədiklərini söyləyib: “Bayer” nəhəng klubdur. Lakin biz xüsusən də ev oyununda üç xal qazanmaq üçün köklənəcəyik. Öz oyunumuzu göstərməyə çalışacağıq. Buna nail olacaq bacarıqda komandamız var. Avropa Liqası xüsusi yarışdır, hər bir futbolçu meydanda olmaq istəyir”.
Qeyd edək ki, “Qarabağ” qrupda ikinci oyununu oktyabrın 5-də İsveçdə yerli “Hakken”ə qarşı keçirəcək.