“Sabah”ın kapitanı Elvin Camalovun futbolinfo.az saytına müsahibəsi

– “Sabah”ın “Kəpəz”lə matçda nəhayət, qələbə qazanıb “qara zolaq”dan çıxacağına inam var idi. Qalib gələ bilməməyinizi nəyə bağlayırsan?

– Rəqibin zəif olduğunu deməzdim. “Kəpəz”in bu mövsüm “Neftçi” və “Qarabağ”a qarşı keçirdiyi oyunlara baxmaq lazımdır. Onlardan xal almasını qeyd etmək kifayətdir. Bizi çətin matç gözlədiyini bilirdik. Oyunboyu üstünlük bizim tərəfimizdə idi. Lakin 3 xalı əldə edə bilmədik və çox təəssüflənirik.

– Bu cür startı əvvəlcədən heç ağlına gətirmişdin?

– Düzdür, belə vəziyyət hamımız üçün gözlənilməz oldu. Xüsusi nəsə səbəb göstərməkdə çətinlik çəkirəm. Sadəcə, onu deyə bilərəm ki, hər birimiz vəziyyəti xeyrimizə dəyişmək üçün əlimizdən gələni edirik. Bu futboldur, bəzən ardıcıl istənilməyən şeylər olur. Bu gün çempionatda bütün komandalar futbol oynamağı bacarır.  Sona kimi mübarizə aparırıq. Əminəm ki, istədiyimiz nəticələri əldə edəcəyik.

– Hər kəs “Sabah”ı çempionluğa namizəd görürdü. Şansınız azalmayıb?

– İnsanların komandamızla bağlı yüksək fikirdə olması, bizdən gözləntilərin yüksək olması çox xoşdur. Bunu öz oyunumuzla, nəticələrimizlə qazanmışıq. Hələ mövsüm yeni başlayıb. Hədəfimiz dəyişməzdir və oyunumuzla yaxşı nəticələr qazanacağıq. Mövsümün sonunda hər şeyi görəcəyik.

– Komandanızın uğursuzluğunun səbəbini Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Partizan”la oyundakı məğlubiyyətə bağlayanlar çoxdur…

– Belə deməzdim. Düzdür, “Partizan”la oyundakı məğlubiyyət hər birimizi üzdü. Ammar artıq həmin oyunun üzərindən xeyli vaxt keçib. Üstəlik, avrokubokları uğursuz keçirdiyimizi demək olmaz. Komanda meydana çıxdığı 4 matçdan 3-də qalib gəldi. Serbiyalılar bizdən daha üstün imkanlara malik komandadır, təcrübələri çoxdur. Onlarla Bakıdakı matçda tam üstün idik. Cavab oyununda da zəif oynamamışdıq. Sadəcə, onlardan fərqli imkanlarımızdan istifadə edə bilmədik. Sonda da penaltilər seriyasında uduzmuşuq.

– Konkret olaraq vəziyyətin dəyişməsi üçün nə lazımdır?

– Biz bu oyunlardan dərs çıxarmalıyıq. Yalnız qarşıdakı matçlara köklənməli və qələbələr əldə etməliyik. Həmin qələbələr bu günləri unutduracaq.

– Kapitan kimi komanda yoldaşlarınla danışırsan? Onlar nəyi səhv etdiklərini düşünür?

– Bəli, daim öz aramızda bu barədə müzakirə aparırıq. Hər birimiz vəziyyətdən çıxmaq üçün çox çalışmalı olduğumuzu bilirik. Ümid edirəm ki, tezliklə müsbət nəticələrlə azarkeşlərimizi sevindirəcəyik.

– Qarşıda mövsümün ən formada olan komandalarından “Səbail”lə oyun var. Qalib gələ biləcəksiz?

– “Səbail” yaxşı nəticələr qazanmaqla seçilir. Bizi səfərdə çətin oyun gözləyir. Amma əlimizdən gələni edəcəyik ki, matçdan qalib ayrılaq.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp