Elmar Baxşıyev mövsümün yeni başlamasından və komandasının gözəl oynamasından danışır. Turnir cədvəlinə baxmasan, bəlağətli danışan bu şəxsə heyran olarsan. Halbuki…
Halbuki artıq 7 tur geridə qalıb, mövsüm yarılanmağa doğru gedir və “Qəbələ”nin cəmi 4 xalı var. 7 oyunda 5 dəfə məğlub olan komandanın baş məşqçisi bu sözlərlə yalnız klub rəhbərliyində olan səriştəsiz idarəçi Nail Kərimovu aldada bilər. Digər komandalar hər tur vəziyyətini yaxşılaşdırdığı halda aldığı ardıcıl məğlubiyyətlərlə son pilləni özününküləşdirən “qırmızı-qaralar”ın çalışdırıcısı nağıl danışır.
Gözəl oyuna gəlincə, 11 dəqiqəyə matçın taleyini həll edən “Qarabağ” qarşısında nisbətən üstün görünmək rəqibin azlıqda qalmasının, ikinci heyətlə oynamasının, hesabdan irəli gələn arxayınlığın və iki cəbhədə mübarizə aparan ağdamlıların yorğunuğunun nəticəsi idi. Gözəl futbol nəticə gətirir – bir-iki dəfə alınmaya bilər, amma komanda yaxşı oynayırsa, mütləq qələbələr sıralanmalıdır. “Qəbələ” azarkeşləri isə yalnız məğlubiyyətlərə öyrəşib.
Doğrudur, “Qəbələ”nin heyətində ciddi dəyişikliklər olub. Lakin bu, hamının üzləşdiyi durumdur və kifayət qədər transferlər edilib, hətta ötən mövsümlə müqayisədə daha zəngin heyət var. Kərimov – Baxşıyev cütlüyü yararsız legionerlər seçibsə, bu, onların günahıdır.
“Qarabağ” əsas rəqiblərinin büdrədiyi turda vacib qələbə qazandı və çempionluğa yenə də bir nömrəli namizəd olduğunu göstərdi. Gərgin qrafikdə səfər oyununda qazanılan qələbə ağdamlıları bir addım önə atdı. Uğursuz startdan sonra özünə gələn komanda məqsədinə addım-addım irəliləyir.
Təəssüf ki, oyunda hakimlik ön ölana çıxdı. Ədalət təmsilçilərinin səlahiyyətindən aşırı istifadə etmək cəhdi komandalara ziyan vurdu. Oyunun ipini əldən verən Elçin Məsiyev matçı idarə etmək əvəzinə sərt üsullara əl atdı və bu məqamda niyyətini ortaya qoyduğundan özü hədəfə gəldi.
“Qəbələ” yiyəsiz komandadır. Yuxarıda adını çəkdiyimiz Kərimov kimi xarizması olmayan idarəçilərin üzündən bölgə təmsilçisinin məşqçiləri hər oyunda qovulur. Klubda xoşagəlməz mühit var, məşqçilər korpusunda xaos yaşanır, hamı özünü ağa sayır və bu üzdən ardıcıl 3 turdur kimsə tribunaya göndərilir. Deməli, ya klub rəhbərliyi onlara nəzarət edə bilmir, ya da məşqçilər haqsız qırmızı vərəqələr alır və rəhbərlik onları qorumağı bacarmır.
Zənnimizcə, hər iki məqam rol oynayır. Qurban Qurbanov kimi sakit təbiətli şəxs belə onların davranışından narazı qalıb etiraz edirsə və qırmızı vərəqə görürsə, deməli, “Qəbələ” də vəziyyət yaxşı deyil. Təsadüfi deyil, Qurbanov məhz rəqib məşqçinin oyunçusunun üzərinə getməsinə etiraz etdiyi üçün ilk sarı vərəqəni almışdı. İkinci “sarı” isə Elxan Məmmədovun kostyumunda oyuna çıxan Elçin Məsiyevin şəxsi qərəzi idi. Öz səhvini ört-bacdır etmək üçün haqlı etiraz edən Qurbanova “qırmızı” göstərdi.
Nüfuzlu insanlara vərəqə verməyi sevən, bununla özündən qəhrəman düzəltmək istəyən Məsiyev həqiqətən yaxşı hakim olsaydı, Kevin Medinanın qovulduğu epizodda onu təxribata çəkən rəqibi də, olaylara qarışan Əyyub Allaşı da cəzasız qoymaz, kolumbiyalını qəsdlə vuran Bilel Aueşeriya haqda ölçü götürərdi. Ədalətsiz davranış sonda əsəbləri tarıma çəkdi və daha gərgin oyun alınması ilə nəticələndi.
Beləcə gərgin qrafikdə oynayan “Qarabağ” hakim səhvləri üzündən əlavə güc itirdi, stress yaşadı. Və elə mənzərə yarandı ki, Baxşıyev azarkeşləri guya yaxşı oynamaları nağılı ilə aldatmağa çalışdı.
Hamıya aşağıdan yuxarı baxmağa məcbur olan “Qəbələ” son pillədədir. “Qarabağ” isə “Səbail”lə eyni xal toplayıb və zirvədən cəmi 3 addım geridədir. Gərgin keçəcəyi deyilən mövsümdə ağdamlıların hegemonluğu yenə bərpa olunur. Bir neçə turdan sonra izləyicilərlə aşkar fərq yarnsa, təəccüblənməməliyik.
ABBAS