Dünyada Formula 1-ə maraq xeyli azalıb. Bunu 2023-cü il ərzində aparılan araşdırmalar göstərib.
“Buzz Radar” şirkəti sosial mediada azarkeşlərin reaksiyalarını öyrənib. Məlum olub ki, 2021-ci ilin maraqlı mövsümünün təsiri ilə keçən il görünməmiş artım müşahidə edilib, F1-ə maraq 2022-ci ildə pik həddə çatıb. Burada yeni nəsil maşınların gəlişi də müəyyən qədər təsir göstərib.
Lakin 2023-cü ildə Maks Ferstappen və “Red Bull”un dominantlığına görə göstəricilər kəskin şəkildə aşağı düşüb. Sosial şəbəkələrdə Formula 1 haqda yazılar 70 faiz, əsas hesablarda yeni izləyicilərin sayı 46 faiz , ümumi əhatə dairəsi isə 64 faiz azalıb.
Bundan əlavə, tədqiqatçılar F1 haqqında fanat yazılarında “darıxdırıcı” və “zəhlətökən” kimi terminlərin çoxaldığını müşahidə ediblər. Müsbət fikirlərin sayı isə xeyli aşağı düşüb.
Süni intellektin hesablamalarına görə, marağın azalma tendensiyası davam edəcək. Maks Verstappen və “Red Bull”un hökmranlığı bitənə qədər Formula 1-ə maraq artımı olmayacaq. Təxminlərə görə, vəziyyət belə davam edəcəyi halda F1 2024-cü ilə qədər yeni auditoriyasının 50 faizini itirə bilər.
Qeyd edək ki, onlayn müzakirələrin sayı çempionatdakı intriqa ilə əlaqəlidir. Belə ki, 2018-ci ildə “Mercedes” komandasının sürücüsü Lyuis Həmiltonun böyük fərqlə titul qazanarkən də ciddi eniş müşahidə olunmuşdu.