“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Vadim Abdullayevin futbolinfo.az saytına müsahibəsi
– Komandanız Premyer Liqada uğurlu seriyadan sonra “Səbail”ə 0:1 hesabı ilə uduzdu. Məğlubiyyətlə barışırsan?
– Açığı, bizim üçün yaxşı oyun oldu. Çünki xeyli sayda qol epizodları yaratdıq. Həmin fürsətlərdən istifadə edə bilsəydik, fərqli nəticə alınacaqdı. Meydanda daha çox hərəkətli komanda biz idik. Məşqçinin tapşırıqları yerinə yetirilirdi. İkinci hissədə müəyyən qədər temp düşdü və rəqib oyunda tarazlıq yarada bildi. Çünki eyni tempdə 90 dəqiqə oynamaq çətindir. Amma “Səbail” də formada olan komandadır. Bu cür rəqiblərlə matçda mütləq əlinə düşən qol fürsətlərindən istifadə etməlisən.
– Penalti epizodu ilə razılaşırsan?
– Düşünürəm ki, orada penalti yox idi.
– Qol vura bilməməyinizin səbəbi nə idi? Bəxtsizlik, yoxsa təcrübəsizlik?
– Təcrübəsizlik deməzdim, bəxtsizlik olar. Bəxtə inanan adam deyiləm, fikrimcə, qədərdə nə varsa odur. Orxan Əliyevdən çox qol vurmaq istəyən yoxdur. Onun keyfiyyətlərinə bələdəm, bu cür epizodlarda hər zaman fərqlənir. Amma bu dəfə olmadı. Əlimizdən gələni edəcəyik ki, daha belə olmasın. Gələn oyunda qələbə qazanmaq üçün çalışacağıq.
– Komandanızın çıxışı hədəflərinizə təsir edir?
– İnamlı təsir bağışlayırıq. Hədəfimiz hər oyunda qələbə qazanmaqdır. Yuxarı pillələrdə olmaq istəyirik. Futbolçu kimi qalibiyyət üçün meydana çıxmaq borcumuzdur. Hər oyundan-oyuna artırıb daha yaxşı oynamalıyıq.
– Qarşıda lider “Zirə” ilə matç var…
– Rəqibin lider olması motivasiyamızı artırır. Qələbənin ləzzəti, rəqibin oyun keyfiyyəti matçı rəngarəng edəcək. Belə oyunlara çıxmaq çox gözəldir. Düşüncəmiz ancaq qələbə qazanmaqdır. Kim layiqdirsə, o qalib gələcək. Bizim üçün rəqibin kim olmasının önəmi yoxdur. Əgər idmançıyıqsa, meydana qələbə üçün çıxmalıyıq. Qarşıdakı doğma qardaşın da olsa, qalibiyyəti fikirləşməliyik. Yox, qələbəni düşünmürsənsə, gedib başqa işlə məşğul olmalısan. Rəqibə fərq qoymaq doğru deyil.
– Mövsümü ümumilikdə necə dəyərləndirirsən?
– Futbol ictimaiyyətinin belə mövsüm gözlədiyini düşünmürəm. Məsələn, ötən mövsüm bir dəfə uduzan “Qarabağ” indi 7 tura xeyli xal itirib. Çox maraqlı, şən mövsüm olacaq. Qarşıda çoxlu oyunlar var. Kimin kimdən xal alacağı bəlli deyil. Hər şey ola bilər. Bircə “Qarabağ”ı digərlərindən ayırıram. Çünki onlar matçda xal itirsələr belə, meydanda üstün olurlar, oyun baxımından daha yaxşı görünürlər. Qalan bütün komandalarla, addan asılı olmayaraq, başabaş mübarizə gedəcək.
AĞA