Bir futbolçunun dəyərinin necə aşağı düşdüyünü Luka Yoviçin timsalında görmək olar. Bosniya əsilli Serbiya millisinin forvardı bir neçə il əvvəl ən arzuolunan futbolçulardan idi. Lakin indi o, getdiyi böyük klublarda başağrısına çevrilir.
Mövsümdən əvvəl “Milan” fanatları heyətin gücləndirilməsi üçün müxtəlif variantları xəyal edirdilər. Klub rəhbərliyi seçimini 25 yaşlı forvard üzərində dayandıraraq onu “Fiorentina”dan icarəyə götürdükdə tiffozi də bununla barışmaq məcburiyyətində qaldı.
Ümidlər çox olsa da, mövsüm başlayan kimi şübhələr özünü doğrultdu. Yeni mövsümdə Yoviçə Stefano Pioli tərəfindən cəmi 38 dəqiqə şans verilib. Çempionlar Liqasının “Nyukasl”la debüt matçında (0:0) isə forvard ehtiyat oyunçular skamyasında əyləşməklə məşğul olub.
Luka Yoviç “Milan”ın hazırkı geniş hücum xəttində öz yerini tapmalıdır. Komandanın hücumu Olivye Jiru, Noa Okafor, Rafael Leao, Kristian Pulişiç, Samuel Çukvueze və Luka Romero kimi futbolçulardan təşkil edilib. Belə bir forvardların arasında Yoviç heyətə düşmək üçün çətinliklə üzləşir. Bundan başqa, zədələr də ona özünü göstərməyə mane olur. “Milan”ın “Kalyari” ilə son oyununda (1:3) forvard fiziki problemlərinə görə heyətə daxil edilməyib. Yoviçin həmişə qarşılaşdığı və optimal forma yığmasının qarşısını alan daha bir əngəl sağlamlığıdır. Elə bir mövsüm yoxdur ki, o, əzələ problemi ilə bir aydan çox kənarda qalmasın.
Yoviçin son bir neçə ildə göstərdiyi oyun onun bazar dəyərinin azalmasına səbəb olub. Bu gün göstərici 2019-cu ildə əldə etdiyi ən yüksək dəyərdən xeyli uzaqdır. Həmin yay “Transfermarkt” saytı Almaniya bundesliqasında “Ayntraxt”ın heyətində göstərdiyi performansa görə 60 milyon avro dəyərləndirmişdi. Həmin vaxt Zinəddin Zidanın baş məşqçisi olduğu Madrid “Real”ı onu Benzemaya əvəz kimi 63 milyon avroya transfer etmişdi. Ovaxtdan bəri Serbiya millisinin üzvünün dəyəri kəskin şəkildə aşağı düşüb və hazırda 8 milyon avro qiymətləndirilir. Avropanın güclü yığma komandalarından sayılan Serbiyanın 25 yaşlı forvardı üçün bu, çox aşağı qiymətdir.
Futbolçu kifayət qədər gəncdir. Bu baxımdan karyerasını inkişaf etdirmək üçün hər bir imkana malikdir. Sadəcə olaraq , ən çətin şeyi düzgün etmək lazımdır: uyğun bir komanda seçib uğursuzluq seriyasına son vermək…