“Apple” şirkəti Formula 1 yarışlarının eksklüziv yayımçısı ola bilər. “BusinessF1” jurnalının məlumatına görə, şirkət ili 2 milyard ABŞ dolları olan müqavilə təklifi üzərində işləyir. Bu məbləğ Formula 1 üçün hazırda ödəniləndən 2 dəfə çoxdur.
Müqavilə imzalansa da, “Apple” ilk vaxtlarda tamhüquqlu yayım hüququna sahib ola bilməyəcək. Belə ki, hazırda Formula 1-in dünyanın müxtəlif böyük televiziya şirkətləri ilə müqavilələri var. Misal üçün, ESPN-in 2025-ci ilin sonuna qədər ABŞ-də yayım hüququ olduğunu qeyd etmək mümkündür. Bir sıra digər yayımçılarla isə 2029-cu ilin sonuna qədər sözləşmə mövcuddur. “Apple” şirkətinin özü də 7 illik müqavilə imzalamağı düşünür.
Televiziya hüquqlarını ələ keçirmək istəyindən başqa, “Apple” həmçinin Formula 1-lə əlaqəli müxtəlif kontentlər üzərində çalışır. Hazırda şirkət Bred Pitin baş rolda oynadığı Formula 1 filmini çəkməklə məşğuldur.