AFFA-da istedadlı futbolçuların inkişaf proqramında çalışan veteran futbolçu Ramin Quliyevin futbolinfo.az saytına müsahibəsi

– Yəqin ki, Premyer Liqanın oyunlarını izləyirsiniz. İlk 8 tura əsasən təəssüratlarınız nələrdir?

– “Qarabağ” artıq stabilliyi tapıb. Çempionluq uğrunda mübarizə aparacağına tam əmin olduğum yeganə komanda onlardır. İstər çempionatda, istərsə də avrokuboklardakı oyunları bunu deməyə əsas verir.

– Hansı komanda sizi təəccübləndirdi?

– Azər Bağırovun “Araz-Naxçıvan”ı yenilik gətirdi. Bu gün ürəkli çıxış edən “Araz-Naxçıvan” mənə ötənilki “Qəbələ”ni xatırladır. Bu mövsüm Premyer Liqanın debütantı olsalar da, bunu heç bir matçda hiss etdirmirlər. Hətta uduzduqları oyunda da qələbəyə layiq çıxış edirlər. “Araz-Naxçıvan” bu mövsüm Premyer Liqanın tapıntısıdır. Halbuki Azər Bağırov bu kollektivi qısa müddətdə qurub.

– Mövsümə çempionluq iddiası ilə başlayan sabiq klubunuz “Sabah” hazırda autsayderlərdəndir. Paytaxt klubunda nə baş verir?

– “Sabah” yay fasiləsində üç aparıcı futbolçusu ilə yollarını ayırdı. İbrahima Ba müdafiənin, Aleksey Kaşuk və Coy-Lens Mikels isə hücum xəttinin liderləri idi. Bu itkilər istər-istəməz təsir edəcəkdi. Yeni gələnlərin isə zamana ehtiyacları var. Dediniz ki, “Sabah” autsayderlərdəndir zonasındadır. Məncə, bu, müvəqqətidir. “Sabah” 1-2 qələbə ilə toparlanacaq. Bu, kollektivdə özünəinamı qaytaracaq.

– Qeyd etdiniz ki, “Araz-Naxçıvan” ötən mövsümdəki “Qəbələ”ni xatırladır. Bəs cari mövsümdəki “Qəbələ”nin çıxışı necə görünür?

– “Qəbələ” də eynilə “Sabah” kimidir. Onlar da komandanın sütunu sayılan 3-4 əsas futbolçunu itirdilər. Deyərdim ki, “Qəbələ” ilə “Sabah” eyni aqibəti yaşayırlar. Hər ikisində yeni kollektiv formalaşır. Ancaq son iki tur mənə ötənilki “Qəbələ”ni xatırlatmağa başlayıb.

– “Neftçi”ni hansı kateqoriyaya aid etmək olar: uğurlu, yoxsa uğursuzdur?

– “Neftçi” ilk turlarda xallar itirdiyindən artıq büdrəmək limiti qalmayıb. “Neftçi”nin tam özünə gəldiyini deməzdim. Görünən odur ki, kollektiv hələ formalaşmayıb. Yayda heyətdə çox dəyişiklik edildiyindən, gələnlərin komandaya, sistemə uyğunlaşmaları vaxt alacaq.

– “Neftçi” birinci dövrənin son turunda “Qarabağ”la qarşılaşacaq. Bu matçdan gözləntiləriniz nələrdir?

– “Qarabağ”ın bu gün iştirak etdiyi bütün matçlar rəqiblər üçün “böyük oyun”dur. Amma Ağdam klubu üçün sıradan bir görüş olacaq. “Neftçi” “Qarabağ”a qalib gəlsə, çempionatda yeni eranın başlanğıcı olacaq. Ötən turda” “Turan Tovuz” üzərində səfər qələbəsi onlara əlavə stimul verəcək. “Qarabağ”la oyun isə “Neftçi” üçün imtahandır. Paytaxt klubunun durumuna “Qarabağ”la qarşılaşmada aydınlıq gələcək.

– İndiki durumda” “Neftçi”nin” “Qarabağ”ı məğlub etməsi nə dərəcədə inandırıcı görünür?

– Real yanaşsaq, “Qarabağ”ın üstünlüyü daha çoxdur. Onlarla matça hazırlaşmaq üçün əlavə motivasiyaya ehtiyac olmur. “Qarabağ”ın adı artıq rəqiblərinə motivasiyadır. Futbolda hər şey mümkündür.

– “Qarabağ” Avropa Liqası çərçivəsində İsveçdə “Hakken”lə görüşdən iki gün sonra “Neftçi” ilə üz-üzə gələcək. Sizcə, “ağ-qaralar” rəqibin yorğunluğundan yararlana bilər?

– Yüz faiz bunun təsiri olacaq. Bu da “Neftçi” üçün böyük üstünlükdür. “Qarabağ” avrokubok matçını evdə keçirsəydi, heç bir problemlə üzləşməyəcəkdi. Əsasən da uzaq yol adamı yorur. “Qarabağ” “Hakken”lə ideal heyətlə oynamaq məcburiyyətindədir. İstənilən halda, “Neftçi” önünə tam heyət çıxmayacaq. Çünki “Qarabağ” daha çox avrokubok qarşılaşmalarına köklənib.

– Əksəriyyət düşünür ki, futbol tarixinin ən maraqlı mövsüm keçir. Bu fikirlə razısınız?

– Tam razıyam. Həm 10 komandanın mübarizə aparması, həm də “Turan Tovuz”, “Araz-Naxçıvan” kimi klubların iştirakı çempionata əlavə rəng qatır. Əvvəllər ilk “üçlük” və son “üçlük” öncədən bilinirdi. Amma bu gün Premyer Liqada hər bir komanda digərindən xal almaq gücündədir. Məsələn, “Səbail” yeni baş məşqçi ilə bu gün möhtəşəm çıxış edir. Komandalar arasında xal fərqinin də az olması Premyer Liqaya marağı artırır. O qədər maraqlı mübarizə izləyirik ki, oyunlara baxmaq üçün adam səbirsizlənir.

ABBAS

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp