FİA (Beynəlxalq Avtomobil Federasiyası) Yeni Zelandiyadan olan avtomobil istehsalçısı “Rodin Cars”ın Formula 1-də yarışmaq üçün müraciətini rədd edib. Şirkətin qurucusu Devid Diker “Racer” nəşrinə verdiyi müsahibədə “AlphaTauri”nin alınması üçün danışıqlar apardığını, lakin qiymətin təxminən 1 milyard dollar olduğunu söyləyib.

Devid Diker deyib: “Mən “AlphaTauri”ni almaq üçün danışıqlar aparmışam, lakin bunu kommersiya baxımından sərfəli variant hesab etmirəm. Bu cür əməliyyatlara kommersiya nöqteyi-nəzərindən baxmaq lazımdır. Formula 1-dəkilər avtoidman mütəxəssisləridir, ancaq biznesdən o qədər də anlayışları yoxdur. Komanda almaq arzum qalıb, amma “AlphaTauri” üçün 800-900 milyon dollar vermək ağılsızlıqdır.

Maraqlı layihəm var, hələlik bu barədə danışmayacağam. Formula 1 ailəsinin bir üzvü ola bilmədiyim üçün məyusluq keçirdim, amma təslim olmaq fikrində deyiləm. Bu, mənim xarakterimdir. Əgər nəyəsə nail olmaq istəyirəmsə, onu həyata keçirmək üçün fürsət axtarıram. İlk dəfə alınmasa, başqa variantlar üzərində işləyirəm.

“Williams” satışa çıxarılanda səhv etdim. Komandanı asanlıqla ala bilərdim, amma strateji mənzərəni düzgün qiymətləndirmədim. “Williams” ilə danışdım, bütün rəqəmləri gördüm, təqdimatlarda oldum, onlara təklif etdim. Bütün bunlara rəğmən, başqa variantlarla diqqətimi yayındırdım – “Sauber” və “Haas” bir neçə ildir ki, satışa qoyulur və çıxarılır, yəqin ki, onları da almaq olardı. Həm də indikindən daha ucuz qiymətə”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp