II Liqada çıxış edən “Şahdağ Qusar” komandasının hücumçusu Tural Qürbətovun futbolinfo.az saytına müsahibəsi

– II Liqanın 5-ci turunda “Şəki Siti” ilə qarşılaşdınız. İddialı rəqiblə səfər matçında 5:0 hesablı qələbə qazanacağınızı gözləyirdinizmi?

– Əlbəttə ki, 5:0 hesablı qalibiyyət əldə etməyimiz sevindirici haldır. Bu qələbə komandamızın hazırlıq durumunun yaxşı olduğunu göstərir. Görüşün çətin keçəcəyini düşünürdüm. Sadəcə, əlimizə düşən fürsətləri yaxşı dəyərləndirdik, nəticədə böyükhesablı qələbəyə nail olduq.

– 5 turdan sonra “Şahdağ Qusar”ın aktivində 10 xal var. Komandanızın bunaqədərki çıxışını necə dəyərləndirirsiniz? Qazanılan xalların sayı sizi tam qane edirmi?

– Əslində, məni qane etmir. Çünki komandamızın gücünü bilirəm. Rəhbərlik sağ olsun, bizim üçün əlindən gələnin ən yaxşısını edir. Biz də yaxşı nəticələrlə bunun qarşılığını verməliyik. Bugünkü gündə birinci pillədə olmalıydıq. İnşallah, bunun da öhdəsindən gələcəyik.

– Növbəti turda “Kür-Araz”ı qəbul edəcəksiniz. Meydandan hansı nəticə ilə ayrıla biləcəksiniz?

– Hər oyuna qalibiyyət üçün çıxırıq. İnşallah, bu turda da qalib gələn tərəf biz olacağıq. Düzdür, rəqib də yaxşı komandadır. Çempionatda asan rəqib yoxdur. Amma bizim hədəfimiz var. Hər oyunda var gücümüzü qoyub, ən yaxşı nəticəni əldə etməliyik.

– Rəhbərlik tərəfindən komandanın qarşısına konkret çempionluq hədəf qoyulub?

– Bəli, hədəfimiz çempionluqdur. İnşallah, buna nail olmağa çalışacağıq.

– Çempionluq mübarizəsində kimləri əsas rəqibləriniz hesab edirsiniz?

– Komandalar arasında ayrıseçkilik edə bilmərəm. Çünki hər komandanın özünəməxsus gücü var. Hansısa oyuna arxayın çıxsaq, əlbəttə ki, bizim üçün çətinlik yaranacaq.

– II Liqada hazırda aktivinizdə 5 qol var və ən sərrast oyunçuların siyahısında yer alırsınız. Mövsümün bombardiri olmaq hədəfiniz varmı?

– Həmişə demişəm ki, mənim üçün əsas komandanın qələbəsidir. İlk növbədə, bunu düşünürəm. Bombardirliyə gəlincə, belə bir hədəfim var. Bombardirlik üçün də can atacağam.

– II Liqanın səviyyəsi sizi qane edirmi? Liqada hansı problemlərin həll olunmasını istərdiniz?

– Sözün açığı, bu qədər gözəl çempionat olacağını gözləmirdim. Şəxsən məni qane edir. Həm komanda sayının çoxluğu, həm də bölgə təmsilçilərinin üstünlük təşkil etməsi sevindiricidir. Narazı qaldığım bir məqam var, o da ki, bəzi stadionların durumudur.

– Yayda başqa komandalardan təkliflər almışdınız? “Şahdağ Qusar”ı seçməyinizin səbəbi nə oldu?

– Bəli, təkliflərim çox idi. “Şahdağ Qusar”ı seçməyimin səbəbi odur ki, komandanın nə qədər iddialı olacağını, rəhbərliyin futbola, kollektivə önəm verdiyini hiss etdim. Bir də ki, “Şahdağ Qusar”ın azarkeşlərinə görə bu qərarı verdim.

– Vaxtilə Premyer Liqada “Bakı”, “Rəvan”, “Xəzər Lənkəran”, “Kəpəz” və “Sabah” kimi klubların formasını geyinmisiniz. Son illərdə yüksək dəstədən uzaq düşməyiniz nə ilə bağlıdır?

– Karyeramdakı enişin səbəbini özümdə görürəm. Bir az şanssızlıqlar oldu. Vaxtilə etdiyim səhv seçimlərə görə, hazırda Premyer Liqadan uzaq düşmüşəm.

İLQAR

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp