Bu, hələ “Qarabağ”ın formasının piki deyil. Ağdamlılar yüksələn xəttlə davam edir və “Bayer”lə oyunlarda daha yaxşısını görəcəyimizə ümidliyik. Milli komandaların oyunlarına görə yaranacaq fasilə mənfi təsir etməsə, təmsilçimiz qrup liderliyi üçün də döyüşəcək.

“Qarabağ” avrokubok mövsümünə heyətdəki məlum itkilər üzündən yaxşı başlamamışdı. Hətta “Rakuv”la oyunlardan sonra komanda haqsız tənqidlərlə üz-üzə idi. Doğrudur, Andrey Lunyovun top buraxmadan davam etməsi Şahruddin Məhəmmədəliyev amilinə görə tənqidçilərə müəyyən əsas verir, lakin ümumi götürəndə qitə səhnəsində çıxışın ümumi mənzərəsi faciəvi deyildi.

Ağdam klubu oynaya-oynaya həm də yeni heyət formalaşdırırdı. Artıq bu işin böyük ölçüdə tamamlandığını demək olar. Müdafiədə etibarlı oynayan komanda keçirdiyi hər iki matçda rəqibləri üzərində aşkar üstünlük qurub. 1:0 sürüşkən hesabdır, lakin çempionumuz ümumi qələbəni təmin edib. Qarşıdakı matçlarda daha dişli olacaq “Qarabağ” yazda da avrokubok oyunu görməyimizə şərait yaradacaq.

“Hakken” qitə nəhəngi deyil, lakin İsveç klubunu onun meydanında yenmək də xəfifə alınmamalıdır. Çətin saydığımız qrupda indi şərikli liderlər var və onun biri Azərbaycan təmsilçisi, digəri Bundesliqanın zirvəsində əyləşmiş komandadır. Bəli, qrup qalibi olmaq çətindir, lakin bunun üçün şans yaranıbsa, şansı yaradanları, bacaranları alqışlamaq lazımdır.

“Qarabağ” bütün matçı yüksək tempdə keçirməyi bacarmamalıydı, az qala bunu da etdi. “Hakken”ə göz açmağa imkan verməyən təmsilçimiz layiq olduğu qolu vurdu, daha sonra müdafiəyə çəkilmədi, inadla rəqibin üstünə getdi. Bu oyun tərzi ağdamlılara layiqli qələbə gətirdi.

Qurban Qurbanovun qurduğu sistem illərdir işləyir, hamı komandanın necə oynadığını bilir, lakin qarşısını almağı bacarmır. Təbii ki, söhbət təmsilçimizə bab rəqiblərdən gedir. Sonrası artıq başqa səviyyədir, həmin rəqabətə hazır olmaq üçün artıq Premyer Liqanın, ümumi futbolun səviyyəsi yüksəlməlidir. İndiki halda “Qarabağ” 10 ildir boyundan hündürə tullanır, ölkəni layiqli şəkildə təmsil edir.

“Qarabağ” üçün harada oynamağın fərqi yoxdur. Komandanın elə oyun üslubu var ki, səfərdə də rəqibdən üstün çıxış etməyə imkan verir. Qurbanov bu qələbələrlə həm də təkbaşına ölkə reytinqini yüksəldir, yeni illər üçün daha yaxşı fürsətləri reallaşdırır. “Qarabağ” həm xal, həm reytinq, həm nüfuz, həm də pul qazanır. Digər klublarımız özləri üçün gözəl nümunəni kənarda yox, elə ağdamlıların simasında axtarmalıdır.

Hər işin başında vicdanla, təmiz çalışmaq durur. Bunu bacaran “Qarabağ” kimi alqışlanacaq. Nə yazıq ki, uğurli olan da “Qarabağ”dır, tənqid olunan da. Relsdən birinci stansiyada çıxanlar isə kmsənin yadına düşmür…

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp