Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşov Almaniyada “Sportforum” saytına müsahibə verib. Futbolinfo.az saytı xəbər verir ki, Almaniyanın Regionalliqasında çıxış edən Berlin “Dinamo”sunun forvardı futbolu seçməyinin səbəbini də açıqlayıb.

– Valideynləriniz Bakıdan Visbadenə yox, Hannoverə və ya Şpandauya köçsəydilər, indi su polosu ilə məşğul idiniz?

– Bəli, atam su polosu ilə məşğul olurdu, yaxşı oyunçu idi. O, Azərbaycan millisinin kapitanı idi. Dörd yaşım olanda üzməyə və su polosu oynamağa başladım. Biz Almaniyaya gələndə burada su polosu o qədər də populyar deyildi. Ona görə də futbol oynamağa başladım.

– Ananız həndbolçu, qardaşı isə peşəkar futbolçu olub. Dadaşovlar qol vurmağı sevirlər?

– Bəli, bu, ailədən gəlir. Anam hücumçu idi. Bacım da futbol oynayırdı, özü də hücum xəttində çıxış edirdi. Görünür, bizdə hücumçu olmaq istəyi var. Evdə nə oynadığımızın fərqi yoxdur – kart və ya başqa oyun. Hamı həmişə qalib gəlmək istəyir. Ailəmiz belədir.

– Türkiyə klubu “Hatayspor”da çıxış edən qardaşınız Renatla tez-tez danışırsınız. “Çemnitser”ə vurduğunuz 3 qoldan sonra sizə nə yazdı?

– Yazdı ki, üçüncü liqaya yüksəlmək lazımdır. Hər oyundan əvvəl bir-birimizə uğurlar arzulayırıq və hər matçdan sonra qarşılaşmanın necə keçdiyi barədə danışırıq. “Çemnitser”lə görüşdən sonra Renat bildirdi ki, həm mən, həm də komanda gözəl çıxış etdi.

– Yayda daha yüksək liqalardan birinə keçə bilməzdiniz?

– Bunu mənə çoxları deyir. III Liqadan, o cümlədən xaricdən təkliflər var idi. Amma Berlinə qayıtmaq istəyirdim. Həyat yoldaşım Berlindəndir, burada tanış olduq. Mənim üçün Berlində yalnız bir klub var – “Dinamo”. Geri qayıtmaq qərarı vermək asan idi. Peter Meyer və Angelo Vier ilə söhbətlər müsbət keçdi. Onların burada planları var, mən də baş rolu oynamalıyam.

5600de42 1fa7 4f99 8e1d a68c916faa14 850 - Futbolinfo.az

– Argentinalıların saman çöpü adlandırdıqları kimi, bombilla ilə taxta fincanınız varmı?

– Bəli, hətta burada kabinədə sadəcə mate çayı içirəm. Matçlardan əvvəl həm mate çayı içirik, həm də musiqi dinləyirik.

– Tez-tez İtaliya millisinin qapıçısı Canluici Buffonun beynəlxalq oyun zamanı sizinlə forma dəyişmək istəməsi haqda danışırsınız. Buffonun formasını nə etdiniz?

– Milli formalarım və dəyişdirdiyim formalar evin dəhlizində və ya şkafda asılır. Məsələn, İvan Rakitiç, Canluici Buffon… Yaxşı xatirələrdir.

– Rəqib olduğunuz ən yaxşı futbolçu kim olub?

– Luka Modriç güclü idi, Rakitiç və Corcio Kyellini də var. Kyellini ilə hava mübarizəsinə girsəniz, dirsəyiniz çırpılacaq. Ona qarşı oynadığımız bir görüşdə belə olmuşdu. Rəqibinizə həmişə hörmət edirsiniz, amma oyunda önünüzdə Kyellini və ya başqasının olmasının fərqi yoxdur.

İLQAR AĞAYEV hazırladı

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp