“Sabah” klubunun müdafiəçisi Sofian Çaklanın futbolinfo.az saytına müsahibəsi

– Misli Premyer Liqasının 8-ci turunda “Səbail”lə oyunda (2:2) komandanız çox istəkli görünsə də, yenə də qələbə qazanmaq mümkün olmadı. Nəticədə qalib gələ bilmədiyiniz oyunların sayı 7-yə çatdı. Son görüşdə 3 xal qazana bilməməyinizin səbəbini nədə görürsünüz? “Sabah” niyə tilsimi qıra bilmir?

– “Səbail”lə görüş maraqlı alındı. Oyunun böyük hissəsi bizim üstünlüyümüz şəraitində keçdi. Lakin əldə etdiyimiz fürsətləri dəyərləndirə bilmədik. Əvəzində səhvlərə yol verdik, rəqib də bundan faydalandı. Nəticədə oyundan 3 xalla ayrılmağımız mümkün olmadı.

– Ötən mövsümün ikincisi olan “Sabah” hazırda turnir cədvəlində sondan ikincidir. Bu durumdan çıxmaq üçün nə etmək, nələri dəyişmək lazımdır?

– Mövsüm hələ yeni başlayıb. Qarşıda bizi uzun marafon gözləyir. İnanıram ki, tezliklə bizdən gözlənilən nəticələri qazana biləcəyik. Fikrimcə, hazırkı situasiyanı ötən mövsümlə müqayisə etmək bir qədər tezdir. Bu barədə mövsümün sonunda danışmaq olar.

– İlk dövrənin son turu çərçivəsində şənbə günü “Araz-Naxçıvan”ı qəbul edəcəksiniz. Bu görüşdə hansı nəticəyə ümid edirsiniz?

– Biz hər oyunumuza qalib gəlmək üçün çıxırıq. “Araz-Naxçıvan”la matç da bu baxımdan istisna olmayacaq. Bizi çətin qarşılaşmanın gözlədiyini bilirik. Rəqib haqda müsbət fikirlər səsləndirmək olar. Bununla belə, meydana yalnız 3 xal üçün çıxacağıq. Məqsədimiz qələbə qazanaraq tilsimi qırmaq və gedişatı müsbətə doğru dəyişməkdir.

– Mövsüm başlamamışdan öncə əksəriyyət “Sabah”ı bu il çempionluğa əsas namizədlərdən sayırdı. Uğursuz keçirdiyiniz ilk dövrədən sonra çempionluq mübarizəsindən əlinizi üzmüsünüz?

– İnsanların bizimlə bağlı yüksək fikirdə olması xoşdur. Əlbəttə, biz də yaxşı nəticələrlə azarkeşlərimizi sevindirmək, “Sabah”a olan inamı doğrultmaq istərdik. Ancaq bu, futboldur. Burada qalibiyyətlər olduğu kimi məğlubiyyətlər də qaçılmazdır. Uğursuz nəticələrə son qoymaq fikrindəyik.

– “Qəbələ” və “Kəpəz”dən sonra çempionatda ən çox qol buraxan iki komandadan biri “Sabah”dır. Son 4 oyunda 9 qol buraxmısınız. Bu cür güclü müdafiəçilərin olduğu komanda niyə bu qədər qol buraxır?

– Təkcə müdafiə xəttini deməzdim. Komanda yaxşı, keyfiyyətli futbolçulardan təşkil olunub. Futbol kollektiv oyunudur. Komanda olaraq səhvlərimizdən nəticə çıxarmalı və qarşıdakı matçlarda bu səhvlərə yol verməməliyik. Əsas olan da budur.

– Bir təcrübəli futbolçu olaraq, Azərbaycan Premyer Liqasının səviyyəsi haqda hansı fikirdəsiniz?

– Fikrimcə, çempionatın səviyyəsi yaxşıdır. Bir çox komanda yüksək pillələr uğrunda mübarizə aparır. Rəqabət yüksək səviyyədədir. Bunu oyunlardan da hiss etmək mümkündür. Bütün komandalar sona qədər mübarizə aparırlar.

– Çempionatımızda ən çox bəyəndiyiniz müdafiəçi və ən ehtiyat etdiyiniz hücumçu kimdir?

– Müdafiəçi qismində Yuri Matiası fərqləndirərdim. “Neftçi”nin “44 nömrə”sini bəyənirəm, yaxşı futbolçudur. Hücumçu ampluasında isə “Qəbələ”nin formasını geyinən Əyyub Allaşın adını çəkərdim. Əyyubun oyun tərzi xoşuma gəlir.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp