“İnter Mayami”nin argentinalı futbolçusu Lionel Messi MLS-də mövsümün ən yaxşı oyunçusu mükafatına namizəd olub. Liqanın rəsmi saytının verdiyi məlumata görə, mükafat uğrunda ümumilikdə 30 futbolçu mübarizə aparır.

MVP mükafatına Messinin komanda yoldaşı Serxio Buskets də namizəddir. Hər bir klub müstəqil olaraq öz oyunçularını liqanın ən dəyərli oyunçusu mükafatına təqdim edir. Mükafata eyni klubdan yalnız iki futbolçu iddia edə bilər.

Messi iki il Fransanın PSJ-sində oynadıqdan sonra 2023-cü ilin yayında “İnter Mayami”yə keçib. O, ilk oyundaca cərimə zərbəsindən fərqlənib. Onun məhsuldar seriyası doqquz oyunda dayanıb. “İnter Mayami”də keçirdiyi 12 oyundan sonra Messinin hesabında 11 qol və 5 məhsuldar ötürmə var. Argentinalı zədə səbəbindən “İnter Mayami”nin son bir neçə oyununu buraxıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp