Son illər Azərbaycan idmanında uğurların sayı o qədər aşağı düşüb ki, kiçik bir nailiyyət haqqında geniş şəkildə yazmaq mütləq olur. Doğrudur , bura bütün idman növləri aid deyil. Bəzi fərdi idman növlərində tərəqqi davam etməkdədir.

Əsasən komanda idman növləri haqda xoş sözlər tapmaq çətindir. “Qarabağ”ın beynəlxalq arenada uğurları bütün futbol haqqında deyilə biləcək tənqidlərə sipər olur. Başqa növlərdə isə Ağdam klubunun funksiyasını yerinə yetirən nə bir klub, nə də yığma tapmaq mümkündür.

Son iki ildə basketbolda baş verən hadisələr idman azarkeşlərimizi sevindirir. Nəzərə almalıyıq ki, bu idman növünün ölkəmizdə nə böyük tarixi, nə də ənənələri var. Əlbəttə ki, SSRİ dövründə respublika miqyaslı komandamız olub. Ancaq etiraf etməliyik ki, basketbol Azərbaycanda daim həndbol, futbol, voleybol, otüstü hokkey və hətta su polosunun belə kölgəsində qalıb. Bu baxımdan qısa müddət ərzində ölkəmizdə bu idman növünün dürçəldilmə cəhdləri təqdirəlayiqdir.

Ənənəsi olan bir idman növünün inkişafı çətin olmur. Amma yaddan çıxmış növlərdə bunu etmək asan məsələ deyil. Buna görə də Azərbaycan Basketbol Federasiyasının gördüyü işləri qeyd etmək lazımdır.

Keçən il başlanan işlər bu idman növünü həqiqi mənada inkişaf etdirmək istəyindən xəbər verdi. Ən birinci vacib addım ölkədə çempionatın bərpa edilməsi oldu. Qısa müddət ərzində komandalar yaradıldı. Fəaliyyətini dondurmuş kublar da yenidən səhnəyə döndü. Bunun da nəticəsində izlənilməsinə maraq olan və intriqadan bol bir çempionat əmələ gəldi. Artıq bu gün atılan addımların bəhrə verdiyini söyləmək olar. Belə ki, 18 illik fasilədən sonra klubumuz Avropa miqyaslı kubokda çıxış etdi.

Sonuncu dəfə Azərbaycan qitəmiqyaslı turnirlərdə 2005/2006 mövsümündə təmsil olunub. O vaxt Avropada çıxış edən komanda “Qala” idi. Bir neçə gün əvvəl isə “Sabah” klubu FİBA Avropa kubokunda debüt etdi.

Turnir 2015-ci ildə FIBA “Avro Çelenc”in əvəzinə yaradılıb. Yarış təsnifat mərhələsindən başlayır və müntəzəm mövsümlə davam edir. Müntəzəm mövsümdə iştirak hüququ qazanmış komandalar qruplara bölünür. Nəticələrə əsasən, onlar növbəti raunda vəsiqə qazanır və yenidən qruplar formalaşdırılır. Bu mərhələdə ilk iki yeri tutmuş komandalar 1/4 finala yüksəlir. Bundan sonra isə pley-off sistemi ilə finala qədər oyunlar keçirilir və qalib müəyyənləşir.

Turnirdə iştirak klubların ölkə çempionatındakı nəticələri əsas götürülməklə həyata keçirilir. Reytinqinə görə bir sıra komanda müntəzəm mövsümdən başlasa da, bir qismi də təsnifat mərhələsində çıxış etməlidir.

Ötən mövsüm Azərbaycan çempionatının qalibi olan komanda ötən mövsümlə, hətta çempionatın sonuyla müqayisədə xeyli irəlilədiyini bu oyunlarda göstərdi. Hər 3 oyunda qalib gələn “Sabah” müntəzəm çempionatda iştirak etmək hüququ qazandı. Xüsusilə də son oyunda əsas favorit sayılan Rumıniyanın “Rapid” komandası  üzərində rahat qələbə “Sabah”ın yay fasiləsi zamanı inkişafından xəbər verir. Təcrübəli mütəxəssis Boban Mitevin baş məşqçi təyin edilməsi və bir neçə oyunçunun gətirilməsi klub rəhbərliyinin iddiasının böyük olmasının göstəricisidir.

Bütün bunlar tək “Sabah”ın gördüyü işlərin bəhrəsi deyil. Hər şeyin kökündə federasiyanın atdığı düzgün qərar dayanır. Qeyd ediləsi və yazdıqlarımızı təsdiq edən məqamlardan biri bu mövsümün startından əvvəl “NTD Servis” komandasının Bakıdan kənara yollanmasıdır. Basketbol dünyasında belə hallar çox olur və bunu tənqidlə qarşılamaq olmaz. Əksinə, bölgələrdə komandaların artırılması təqdirəlayiqdir.

Uzun illərdir ki, Azərbaycan mətbuatı futbol üzrə ölkə çempionatında region klublarının sayınının artırılması üçün bar-bar bağırmaqdadır. Ancaq basketbol federasiyası əməli işlə məşğul olduğunu göstərir. Ötən mövsümlə müqayisədə çempionatda komandaların sayı da artırılıb. Oktyabrın 22-də başlanacaq ölkə çempionatında artıq 10 komanda iştirak edəcək. Bunlardan tam yarısı əyalətlərdə qərarlaşıb. Bir qədər əvvəl adını çəkdiyimiz “NTD Servis” Xaçmazda “NTD-İndiqo” adı altında çıxış edəcək. Ondan başqa Şəki, Sumqayıt , Gəncə və Cəlilabad da turnirdə təmsil olunacaq. İnanmaq istərdik ki, bu addımlar tamaşaçıların da artmasına səbəb olacaq. Tamaşaçı isə bir çempionatın əsl maraq və səviyyə göstəricisidir.

İLQAR AĞAYEV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

fggfh 1 1 1 1 1 1 768x615 1 1 2 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 2 1 1 1 1 1 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp