“Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyevin futbolinfo.az saytına müsahibəsi

– “Hakken”lə ağır oyunda qazandığınız 1:0 hesablı qələbəni necə şərh edərsən?

– Əvvəlcədən bizi çətin səfər gözlədiyini bilirdik. Rəqibi analiz etmişdik. Görmüşdük ki, daha çox əks-hücumlara çıxmağa çalışırlar, bu yolla qol vurmaq istəyirlər. Stadion da çətinlik yaratdı. Çünki ot örtüyü sürüşkən idi. Buna baxmayaraq, qalib gəldik və buna sevinirəm. Qalibiyyətə də layiq idik.

– “Qarabağ” qrup mərhələsinə iki qələbə ilə start verib. Gözləyirdiniz bunu?

– Əlbəttə ki, hər qələbə komandanın motivasiyasını artırır. Amma dayanmaq olmaz. O demək deyil ki, qrupdan çıxmışıq. Qarşıda Leverkuzen “Bayer”i ilə ilə ağır oyunlar var. Ciddi yanaşmaq və hazırlaşmaq lazımdır.

– Rəqibin baş məşqçisi Per-Matias Höqmo sənin də çıxış etdiyin müdafiə xəttini təriflədi…

– İki oyundur ki, qol buraxmırıq. Bu da müdafiənin etibarlı olmağından irəli gəlir. Düşünürəm ki, bu cür də davam etməliyik. Təkcə müdafiə xətti yox, hücum xətti də lazımı səviyyədə oynadı.

– “Bayer”lə matçlar çox önəmli olacaq. Adətən bu cür komandalar olanda düşünülür ki, kim bu rəqibdən xal ala bilsə, o da qrupdan çıxacaq. Almanlarla matçlarda lazımlı nəticələr qazanmaq mümkündür?

– Deyə bilmərəm ki, xal alacağıq, yoxsa almayacağıq. Amma çalışacağıq ki, ən yaxşı oyunlarımızı keçirək.

– Səfər matçında sizə çox çətin olacaq, bəs, “Bayer”ə Bakıda hansı çətinlikləri yaratmaq mümkündür?

– Düşünürəm ki, biz evdə oynayanda onlar üçün heç də asan olmayacaq. Çünki “Qarabağ” doğma meydanda daha yaxşı çıxış edir. İstədiklərimizin nə qədər alınacağını oyunlar göstərəcək.

– Qarşıda Premyer Liqanın 9-cu turunda “Neftçi” ilə matç var, ardınca isə milli komandaların oyunları gəlir. Sənə çətin olmayacaq?

– Əlbəttə, belə qrafikdə oynamaq çətin olur. Mənim üçün deyil, bütün komanda bu baxımdan müəyyən çətinliklər yaşayır. 2 gün sonra “Neftçi”yə qarşı oynayacağıq, ardınca oktyabrın 10-da milli komanda toplaşacaq. Amma futbolçuyuq, peşəkarıq, bunun öhdəsindən gəlməliyik.

– “Neftçi” heyətdə böyük dəyişikliklər edib və xeyli sayda legioner alıb. Onlarla matç əvvəlki illərə nisbətən daha maraqlı olacaq?

– Fikrimcə, maraqlı olacaq. Nəinki “Neftçi”, digər bütün komandalar bizə çətinlik yaradır. İlk turlarda bunu gördük. Ümumilikdə mövsüm maraqlı keçəcək.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp