“Zirə” kritik qələbə qazandı. İzləyicilərinin nəfəsinin hiss edildiyi bir vaxtda, dünən əldə edilən 3 xal qəsəbə təmsilçisini bir xeyli rahatladacaq.

İlk dövrənin lider kimi başa vurulması “Zirə” üçün uğur sayılmalıdır. Əsas rəqiblər üzərində qələbələr bunda mühüm rol oynadı. Düzdür, komanda hələ böyük uğurlara hazır görünmür, lakin indiyə qədər toplanan xallar avrokuboklara vəsiqə uğrunda mübarizədə əlavə üstünlükdür.

“Turan Tovuz” özünü əsl ortabab kimi aparır. Qərblilər ləngər vurmaqda davam edir – bəzən gözlənilməz qələbələr olur, bəzən də komanda öz oyununu tapa bilmir. Rəqiblərlə öz imkanlarını müqayisə etsək, “Neftçi”yə, ardınca səfərdə “Zirə”yə uduzmaq faciəvi nəticə deyil. Lakin reallıq tovuzluların yavaş-yavaş sürpriz şəkildə yer aldığı liderlər qrupunu tərk etdiyidir.

Dünən ilk hissədə hesabı açan “Zirə” az qala xal itirəcəkdi. “Turan Tovuz” oyununu tapıb üstünlük quran kimi rəqib müdafiəsində boşluq tapdı. Amma Qismət Alıyevin cərimə zərbəsini ustalıqla yerinə yetirməsi vəziyyəti dəyişdi. Ciddi heyət itkilərinə rəğmən, “Turan Tovuz” sonadək döyüşdü, lakin xallar daha layiq olana qismət oldu.

Fasilə 4 turdur qələbə qazanmayan “Turan Tovuz”un işinə yaramalıdır. Yəqin ki, baş məşqçi Ayxan Abbasov çatımazlıqları bilir və çıxış yolunu axtaracaq. “Zirə” üçün isə daha çətin dönəm başlayır. İlk dövrədə bu komandaya qalib gələ bilməyən iddialılar indi liderə daha çox qiymət verəcək və zirvədə qalmaq asan olmayacaq.

AĞA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp