Azərbaycan 21 yaşlılardan ibarət milli komandasının və “Araz-Naxçıvan”ın müdafiəçisi Abdulla Rzayevin futbolinfo.az saytına müsahibəsi

– Milli komanda ötən gün AÇ-2025-in seçmə mərhələsində Lüksemburqla çətin oyun keçirdi. 3:2 hesablı qələbəni necə şərh edərsən?

– Oyuna yaxşı hazırlaşmışdıq. Bilirdik ki, bizi evdə çətin oyun gözləyir. Bundan öncə Serbiyaya və Şimali İrlandiyaya uduzmuşduq. Ona görə də bu matçda ancaq qələbə haqqında düşünürdük. Hesabda önə keçdik, amma sonra rəqib 2 qol vurdu. Əsas odur ki, sonda qələbə qazandıq.

– Komandanın oyunu isə tənqid edilir…

– Düşünürəm ki, biz əzmkarlıq göstərdik. Layiqli şəkildə mübarizə apardıq. Sonda da 3 xala və qalibiyyətə nail olduq.

– Səncə, milli komanda bu cür oyunla və nəticələrlə nə vəd edir? Heyət baxımından problem görünmür, potensial yüksəkdir…

– Bacardıqca çox xal toplamağa çalışacağıq. Mən komandaya inanıram. Düşünürəm ki, istədiyimizə nail olacağıq və çox xal toplaya biləcəyik.

– Şimali İrlandiya ilə Bakıdakı matçda rəqib qırmızı vərəqə aldı və uzun müddət azlıqda oynadı. Lakin komanda qələbə qazana bilmədi. Bunun səbəbi nə idi?

– Həmin matça yaxşı başlamışdıq. Bizim qol vəziyyətlərimiz daha çox idi. Xeyli sayda təhlükəli epizodolar yaratdıq. Amma bunlardan istifadə edə bilmədik. Təəssüf ki, həmin oyunda uduzduq.

– Əsas milli komandanın Estoniyaya 2:0 qalib gəldiyi və Avstriyaya 0:1 hesabı ilə uduzduğu matçları izlədin?

– İzlədim. Fikrimcə, milli komanda heç də pis oynamadı, hər iki oyunu yaxşı keçirdi. Şəxsən mən komandamızın çıxışını bəyəndim.

– Artıq klublara qayıdırsız. Bu sıx qrafikdə özünü necə hiss edirsən? Kluba yorğun qayıtmırsan?

– Düzdür, qrafik çox sıx idi, bir az yorğunçuluq var. Amma “Qəbələ” ilə oyuna qədər vaxtımız var. Özümü daha yaxşı hiss edə bilərəm. Çalışacam ki, komandama həmin matçda da xeyir verim.

– “Araz-Naxçıvan”ın liqadakı oyunu ürəyincədir?

– Komandamızın çıxışı ürəkaçandır. Çalışacağıq ki, bu cür də davam edək.

– “Qəbələ” ilə səfər matçından 3 xalla qayıtmaq mümkündür?

– Ən yaxşısını etməyə çalışacağıq. Hər bir matçda meydana qələbə üçün çıxırıq.

AĞA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp