Veteran futbolçu, Azərbaycan yığmasının sabiq üzvü Elşən Məmmədovun futbolinfo.az saytına müsahibəsi

– Millimiz AVRO-2024-ün seçmə mərhələsində səfərdə Estoniyaya (2:0) qalib gəlsə də, evdə Avstriyaya (0:1) uduzdu. Komandamızın bu oyunlardakı çıxışını bəyəndinizmi?

– Seçmə mərhələyə ardıcıl məğlubiyyətlərlə başlamışdıq. Buna görə milli komandada ruh düşkünlüyü yaranmışdı. Estoniyaya qalib gəldiyimiz matça qədər cəmi 1 xalımız var idi. Səfərdə Estoniyaya qarşı həqiqətən yaxşı oynadıq. Həmin matçdan sonra yığmamızın Avstriyaya da qalib gələcəyinə ümid edirdik. Amma rəqib üçün də bu qarşılaşma vacib idi. Avstriya Bakıda qələbə qazanacağı təqdirdə, Avropa çempionatının final mərhələsinə vəsiqəni təmiş edəcəkdi. Buna görə də oyunun bizim üçün çətin keçəcəyi əvvəldən məlum idi. Düşünürəm ki, bu görüşdə pis təsir bağışlamadıq. Komanda şəklində yaxşı çıxış etdik, qol epizodları yaratdıq. Oyunun sonlarında Toral Bayramovun yaxşı fürsəti oldu. Şansdan istifadə edə bilsəydi, matçı ən azı 1 xalla başa vurmaq olardı.

– Avstriya ilə oyundan xal və ya xallarla ayrılmağımız üçün nə çatmadı?

– Düzdür, estonlarla qarşılaşmadan sonra hamımız uğurlu nəticəyə köklənmişdik. Amma Estoniya və Avstriya millilərini bir tərəziyə qoymaq olmaz. Avstriya həm fərdi, həm də komanda şəklində estonlardan qat-qat güclüdür. Reallıq var, Estoniya ilə Avstriya yığmaları müqayisə olunası deyil. Elə bu səbəbdən də estonlara qalib gəldik, amma Avstriya ilə oyunda bunu edə bilmədik. Bununla belə, komanda pis təsir bağışlamadı. Avstriya ilə səfərdəki görüş bizim üçün çox uğursuz alınsa da, evdə əksini gördük. Yaxşı hücumlar qurduq, epizodlardan istifadə edə bilmədik. Məncə, oyunun ədalətli hesabı heç-heçə idi. Çünki rəqibin bizdən çox qol epizodu olmadı. Komandamız ən azından 1 xala layiq idi.

– Seçmə mərhələdə son 2 oyunumuzu gələn ay Bakıda İsveçə və səfərdə Belçikaya qarşı keçirəcəyik. Bu matçlardan hansı nəticəni gözləyirsiniz? Yığmamız tsikli hansı pillədə bitirəcək?

– Millimiz evdə İsveçə qalib gələ bilər. Sözsüz ki, Belçika ilə səfər matçı çətin olacaq. Amma bir məqam da var ki, Belçika Avropa çempionatının final mərhələsinə vəsiqəni artıq təmin edib. Bu isə o deməkdir ki, bizimlə oyuna əsas heyətlə çıxmaya bilərlər. İsveç yığması isə final mərhələsinə yüksəlmək şansını itirib. Biz bu görüşdə qələbə qazanmaqla turnir cədvəlində İsveçi qabaqlaya və seçmə mərhələni 3-cü pillədə bitirə bilərik. Evdə İsveçə qalib gəlməyimiz mümkündür. Çünki Bakıda istər Belçika, istərsə də Avstriyaya qarşı yaxşı oynamışıq.

– Baş məşqçi Canni de Byazinin millimizdəki fəaliyyətini necə qiymətləndirirsiniz? Əksəriyyət onunla yolların ayrılmasını tələb edir…

– Bu haqda rəy bildirmək istəmirəm. Məşqçi var ki, ona öz fəlsəfəsini futbolçulara aşılaması üçün 1 il vaxt lazım gəlir, məşqçi də olur 3 ilə bunu bacarır. Elə məşqçilər də var ki, zamana ehtiyacı olmur, dərhal nəticə verir. De Byazinin qalmağının və ya getməyinin bizim üçün faydalı olacağını deməkdə çətinlik çəkirəm. Təkcə onu deyə bilərəm ki, komandamız de Byazinin rəhbərliyi altında bəzi oyunlarda yaxşı çıxış edib, bəzilərində isə pis.

– Çoxu hazırkı heyəti millinin son illərdəki ən güclü heyəti hesab edir. Bu fikirlə razısınızmı?

– Həqiqətən, hazırkı heyətimiz güclüdür. Milli üzvləri Türkiyədə və digər xarici ölkələrin çempionatlarında oynayırlar, Azərbaycanı təmsil edirlər. Bu qədər legioner həyatı yaşayan futbolçumuzun olduğu başqa dövrü xatırlamıram. Əvvəllər xaricdə oynayan maksimum 2-3 futbolçumuz olurdu. İndi isə yerli oyunçuların çoxu xaricdə çıxış edir, pis də oynamırlar. Düşünürəm ki, bu heyət istənilən rəqibə qarşı müqavimət göstərəcək səviyyədədir.

– Sabiq forvard kimi yığmanın hazırkı hücum xətti haqda da fikirlərinizi bilmək istərdik. Sevindirici haldır ki, ön xətdə çıxış edən Renat Dadaşov, Ramil Şeydayev, Mahir Emreli və Musa Qurbanlı hazırda legioner həyatı yaşayır…

– Milliyə çağırılan hücumçuların hamısı hazırda yaxşı formadadır. Ramil, Mahir, Musa və Renat öz klubunda uğurlu çıxış edir. Bu futbolçular öz klublarında daim oynasalar, milliyə daha çox xeyir verəcəklər. Zamanla daha yaxşı səviyyəyə çata bilərlər. Yığmamızın hücumla bağlı problemi yoxdur. Sadəcə, bu uşaqlara bir az zaman lazımdır ki, öz qolları ilə futbolsevərləri sevindirə bilsinlər. Ayrı-ayrılıqda hər biri milliyə layiqli və faydalı futbolçudur.

CAVAD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp