Azərbaycan Gənclər və İdman Nazirliyi yeni akademiyanın açılışına hazırlaşır. Bu hadisə oktyabrın 23-də baş verəcək.

Futbolinfo.az xəbər verir ki, Kazbek Tuayevin vəzifəsindən uzaqlaşdırılması ilə başlayan proses yekunlaşıb. O, iyunun əvvəlində gənclər və idman naziri Fərid Qayıbovun əmri ilə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbinin direktoru postundan azad edilmişdi. AGİN-dən maliyyələşən məktəbdə aparılan yoxlamaların yekununda ciddi qüsurlar aşkarlanmışdı. Adı olub özü olmayan uşaq qrupları, işə gəlmədən maaş alan məşqçilər və s.

İllərdir bu şəkildə Azərbaycan futboluna “xidmət edən” Tuayevin yola salınması üçün əsaslar tapıldı və o yola salındı. İndi isə məktəb yenidən qurulur. Həm də ilk addımlardan bəlli olur ki, yüksək səviyyəli, işlək, futbolun inkişafına xeyir verəcək layihə düşünülüb. Reallaşdırılması mümkün olsa, Tuayev kimi işləməyə başlamasalar, xeyrini görəcəyik.

Adil Şükürov, Kamen Vasilyev və başqa mütəxəssislərin çalışacağı məktəb “Ulduz” adı altında fəaliyyət göstərəcək. Həm də əvvəlki kimi məktəb Bakının hər tərəfinə yayılmayacaq. Nazirlik Şağanda yer götürüb və məktəb də burada fəaliyyət göstərəcək. Artıq xeyli uşaq məşqçisi işə cəlb olunub, bölgələrdə istedad axtarışı başlayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp