Azərbaycan millisinin və Bolqarıstanın “Arda” klubunun üzvü Cəlal Hüseynov milli komandanın son oyunları barədə danışıb. Mərkəz müdafiəçisi AÇ-2024-ün seçmə mərhələsində Estoniyaya 2:0 hesabı ilə qalib gəldiyimiz, Avstriyaya isə 0:1 hesabı ilə uduzduğumuz matçları dəyərləndirib.

Cəlalın fikrincə, komanda ps çıxış etməyib: “Hər iki oyunda yaxşı mübarizə apardıq. İlk oyunda səfərdə qalib gəldik, ikinci matçda da meydandan 3 xalla ayrıla bilərdik. Rəqibdən çəkinmədik, oynadıq, öz oyunumuzu göstərməyə çalışdıq. Düşünürəm ki, epizodları dəyərləndirə bilsəydik, xüsuilə son dəqiqədəki vəziyyəti qol çevirsəydik, 1 xal əldə edə bilərdik. Fikrimcə, komanda ən azı heç-heçəyə layiq idi”.

Hüseynov seçmə mərhələnin digər matçlarında yaşanan uğursuzluqlara da münasibət bildirib: “Hələ qarşıda 2 oyunumuz var və İsveçlə Bakıda qarşılaşacağıq. Bu rəqibə qalib gələ bilsək, ən azı daha yuxarı yerə qalxmaq imkanımız var. Ümumi götürsək, desəm ki, çox pis çıxış etdik, doğru olmaz. Məsələn, Belçikaya qarşı yaxşı oynamışdıq, mübarizə aparırdıq. Oynaya bilirik, bəlkə də daha yaxşı ola bilərdi, bu, mənim fikrimdir. Daha çox xal yığmaq mümkün görünürdü. Sadəcə, bilmirəm ki, nəyə görə alınmadı. Digər tərəfdən rəqiblərin də ustalıq səviyyəsin nəzərə almaq lazımdır. Belçikadır, İsveçdir, Avstriyadır – bu millilərin “klass”ı yuxarıdır, gözardı etmək olmaz”.

Hüseynov son iki matçda oynamamasından narazı deyil: “Oynamamaqdan narahat deyiləm, çünki az müddətdir ki, legioner həyatı yaşayıram, meydana daim olaraq çıxıram. Şans verilsəydi, çıxıb ən yaxşısını etməyə çalışacaqdım. Şans verilmədi, problem yoxdur. Gəncəm, hər şey irəlidədir, məncə, narahat olmağa dəyməz. Hər kəs istəyər ki, A millidə daim oynasın, şans qazansın, yerini möhkəmləndirsin. Hələ ki, alınmır və qlobal problem deyil, nə vaxt imkan düşəcək, oynayacam”.

Cəlal daha sonra U-21 millisinin düşərgəsinə yollandı və Lüksemburqla qarşılaşmada iştirak etdi. O, 3:2 hesablı qələbədən məmnun olsa da, oyunun yüksək səviyyədə keçməməsi fikri ilə razıdır: “İlk 3 xalımızı əldə etdik, məncə, əsas olan qalibiyyət idi. Düzdür, ola bilər ki, oyunumuz yaxşı alınmadı. Mübarizə, istək var idi, sadəcə bəzən olur ki, tam istədiyini ortaya qoya bilmirsən. Amma istər birinci hissədə, istərsə də ikinci hissədə qol epizodlarına girdik. Hansılar ki, yüzfaizlik qol epizodları idi, vurmalı idik, amma yararlana bilmədik. Elə oldu ki, rəqibin səhvləri ilə qalib gəldik. Amma biz rəqibi səhvə məcbur etdik, onlar öz-özünə səhv etmədilər. Qrupda xalımız yox idi, iki oyunu uduzmuşduq, vacib olan 3 xal qazandıq. Belə baxanda komandamız Şimali İrlandiyaya qarşı yaxşı oynamışdı, amma qalib gələ bilməmişdi. Tənqidlərə gəlincə, normaldır, əgər yaxşı oynamırsansa, belə şeylər olacaq. Bəxtə bağlamazdım, iki qolda da biz təzyiq yaratdıq və rəqib səhv etdi. Bəlkə də ikinci qolu müəyyən qədər bəxt adlandırmaq olar, lakin onda da biz təzyiq edirdik”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp