“Kəpəz” klubunun müdafiəçisi Vurğun Hüseynovun futbolinfo.az saytına müsahibəsi

– “Kəpəz”ə yayda keçsəniz də, hələ Gəncə klubunda ilk rəsmi oyununuza çıxmamısınız. Debütünüz nə vaxt reallaşacaq?

– Cari mövsümdə heç bir oyunda iştirak etməməyimin səbəbi ilk növbədə zədəli olmağım idi. Zədəmi sağaltmaq üçün mənə bir qədər zaman lazım oldu. Bundan əlavə, mənim mövqeyimdə çıxış edənlər – həm Elçin Əlicanov, həm də Yeqor Xvalko çox yaxşı təsir bağışlayırlar. İnşallah, qarşıdakı oyunlarda məni də meydanlarda görəcəksiniz.

– “Kəpəz” çempionatın ilk dövrəsini sonuncu pillədə bitirdi. Maraqlıdır ki, qazanılan 5 xalın hamısı ötən mövsümün medalçıları – “Qarabağ”, “Sabah” və “Neftçi” ilə oyunlarda əldə edilib. Əvəzində digər komandalarla matçda “Kəpəz” xal qazana bilməyib. Bunu ilə izah edərdiniz?

– Təbii ki, nəticələrimiz heç kimi razı sala bilməz. Birinci dövrədə az xal yığmağımız komanda şəklində göstərdiyimiz oyunla bağlı deyil. Bunun səbəbi buraxılan fərdi səhvlərin çoxluğudur. Nəticədə hazırda turnir cədvəlində sonuncu yerdəyik. Amma vəziyyəti dəyişmək mümkündür. Hələ çempionatın əvvəlidir, qarşıda çoxlu tur var.

– Çempionatda millinin oyunları ilə əlaqədar yaranmış fasilənin “Kəpəz”ə xeyri dəyəcək?

– Bəli, fasilənin bizə daha çox xeyrinin dəyəcəyini düşünürəm. Çünki səhvlərimizin üzərində işləməyə xeyli vaxtımız oldu. Məşqçilər heyəti komandadakı çatışmazlıqları aradan qaldırmağa çalışdılar.

– Növbəti oyunda şənbə günü “Zirə” ilə üz-üzə gələcəksiniz. Gəncə şəhər stadionunda aparılan əsaslı yenidənqurma işləri ilə əlaqədar komandanız bir müddət ev oyunlarını Tovuz şəhər stadionunda keçirəcək. Sizə doğma olan Tovuzda yerli publika önünə başqa komandanın üzvü kimi çıxacaqsınız. Bu görüşdə hansı nəticəyə ümid edirsiniz?

– Tovuz mənim üçün doğmadır. Demək olar ki, qohumlarımın, dostlarımın hamısı orada yaşayır. Ev oyunlarımızın Tovuza salınması mənim üçün xoş oldu. Keçən mövsüm “Sumqayıt”ın heyətində Tovuzda 2 matça çıxmışdım. Amma yenə də futbolda ilk addımlarımı atdığım meydana ayaq basmaq mənim üçün çox həyəcanlı olacaq. Tovuzdakı ilk görüşümüzü liderə qarşı keçirəcəyik. Bizi qarşıda “Zirə” ilə çətin oyun gözləyir. Buna baxmayaraq, xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik.

– Necə düşünürsünüz, “Kəpəz” Premyer Liqadakı yerini qoruyub saxlaya biləcəkmi?

– Hədəfimiz liqada qalmaqdır. İnşallah, komanda olaraq bunun öhdəsindən gələcəyik. “Kəpəz” Premyer Liqada qalmalıdır. Bunun üçün bütün gücümüzü meydanda qoyacağıq.

– Uzun illərdir ki, Azərbaycan çempionatında çıxış edirsiniz. Əksəriyyət liqamızda rəqabətin artdığını deyir. Bu fikirlə razısınızmı?

– Razıyam. Əvvəlki illərə baxanda çempionatın səviyyəsi çox qalxıb. Rəqabət həddindən artıq güclənib. Turnir cədvəlinə nəzər salanda da bunu görmək mümkündür.

– Sabiq milli üzvü kimi yığmamızın Estoniya və Avstriya ilə keçirdiyi son oyunlardakı çıxışı haqda nə deyə bilərsiniz?

– Millimiz hər iki matçda yaxşı oynadı. Bu, mənim şəxsi fikrimdir. Yaxşı oynamağımızın səbəbi odur ki, hazırda legioner həyatı yaşayan futbolçularımız çoxdur.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp