“Bolqarıstanda hər şey yaxşıdır. Yeni gələndə bir az çətinlik var idi. Çətinliyi keçəndən sonra hər şey rahat olmağa başladı”. Bunu futbolinfo.az saytına Bolqarıstanın “Arda” klubunda çıxış edən Azərbaycan yığmasının üzvü Cəlal Hüseynov deyib.

O, bu ölkədəki vəziyyətindən danışıb: “İlk gündən məşqçilər və futbolçular adaptasiyaya kömək etdilər. Komandanın durumu normaldır. Son turda 0:1 hesabı ilə uduzduq, amma ondan əvvəl ardıcıl 5 qələbə qazanmışdıq. Turnir cədvəlində də 5-ci pillədə idik. İki oyun az keçirmişik. Çalışırıq ki, hər oyunda qalib gələk. Daha yaxşı yerlərdə olmaq fikrindəyik. Legioner həyatı çox yaxşıdır. Bunu azərbaycanlı futbolçuların hamısına deyirəm. Mənim üçün yaxşı olan odur ki, tez legioner həyatı yaşamağa başladım, yəni yaşım azdır. Şəxsi həyat olaraq da bu, futbolçunun inkişafına təkan verir. Təklikdəyəm, yanımda dostlar yoxdur, ailə yoxdur. Bu, mənim böyüməyimə də kömək edir”.

Cəlal futbolçu kimi də irəli getdiyini düşünür: “Liqa olaraq da Azərbaycan çempionatından yaxşıdır, çünki burada 16 komanda var. Hər matç ağır, çətin keçir. Qalib gəlmək üçün çox çalışmalısan. Fərqlilik ondadır ki, hər həftə müxtəlif klublarla oynayırsan. Doğru istiqamətdə getsəm, daha çox inkişaf edə bilərəm”.

Müdafiəçi legioner həyatı yaşadığına görə üzərində böyük diqqət hiss etmədiyini bildirib: “Açığı, elə böyük diqqət yoxdur. Düzdür, maraqlanırlar, izləyirlər, amma xüsusi hansısa diqqət yoxdur. Üzərimdə təzyiq də hiss etmirəm. Mənim üçün hər şey yaxşıdır”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp