“Cəbrayıl”ın baş məşqçisi Cavid Hüseynov II Liqada işləməy geriyə addım saymır. Ötən mövsüm Premyer Liqada “Şamaxı”ya rəhbərlik edən gənc mütəxəssisin bu addımı atmasının səbəbi var.

Hüseynov futbolinfo.az-a açıqlamasında doğma rayonunun komandasına görə II Liqada işlədiyini deyib: “Bu komanda ilə bağlı ən böyük arzum doğma Cəbrayılda çıxış etməyimizdir. Hələ klubu yaradanda orada stadionun tikilməsini xəyal edirdim. Ancaq ora köçənə qədər müəyyən yol qət etməliyik. Artıq oktyabrın 23-də A kateqoriyalı məşqçi kursu başlayacaq. Gələcək karyera baxımından bu kateqoriyanı almağım vacibdir. Bildiyiniz kimi, mənim indiki kateqoriyam Premyer Liqada baş məşqçi kimi çalışmağıma imkan vermir”.

Cavid bəy “Qarabağ”dan da buna görə imtina edib: “Yayda “Qarabağ”ın U-19-unda işləməyə razılaşmışdım. A kateqoriyasını oxumaq üçün də hansısa komandada işləməli idim. “Qarabağ”a təyinatım olmuşdu. Ancaq sonradan “Cəbrayıl”a maddi dəstək olmaq istəyən bir insan bu komandaya dönməyimi istədi. Mən də doğma komandada çalışmağa başladım. Əslində, anidən Premyer Liqaya doğru addım atmışdım. Bu potensialı özümdə görürəm. Ancaq məşqçi üçün kateqoriya çox önəmlidir. “Şamaxı”da baş məşqçi olsam da, sənəd üzərində deyildim. Ona görə də düşündüm ki, mütləq kateqoriya almalıyam. Bu kateqoriyanı oxumaq üçün də Premyer Liqa komandasında deyil, II Liqada, I Liqada, əvəzedicilərdə və ya aşağı yaş qruplarında çalışmalısan. Bu baxımdan uğurlu addım atdığımı fikirləşirəm”.

Shares: