Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Beynəlxalq Olimpiya Komitəsi 2028-ci ildə Los-Ancelesdə keçiriləcək olimpiadanın proqramına yeni idman növlərini salıb. Onlardan bizim üçün ən qeyri-adisi bayraq futboludur.

Bu idman növü bizim idman azarkeşlərimizə yaddır. Buna görə də bir qədər məlumat vermək vacibdir. Bayraq futbolu Amerika futbolunun təkmilləşmiş formasıdır. Onu reqbinin yüngülləşdirilmiş versiyasına da bənzətmək mümkündür.

Bu oyunun yaradılmasında əsas məqsədlərdən biri zədələrin azaldılması və qadınların da oynaya bilməsidir. Amerika futbolundan fərqli olaraq burada zorakılıq demək olar ki, yox səviyyəsindədir, əsas vəzifə rəqibin bayrağını almaqdır.

Oyunçuların sayı müxtəlif olur. Vahid qaydalar olmadığına görə hər yerdə bir cür oynanılır. Lakin Olimpiya Oyunlarının proqramına salınması bu sahənin təkmilləşdirilməsinə şərait yaradacaq.

Sözsüz ki, dünyada bayraq futbolunu ən yaxşı oynayan ABŞ-dir. Bu amil və populyarlıq oyunun Los-Ancelesdəki proqrama salınmasına səbəb olub. Amerika futbolu ölkədə bir nömrəli idman növüdür. Müəyyən qədər onunla yalnız beysbol rəqabət apara bilər. Çempionatın final oyunu isə idman kontentləri arasında uzun illərdir ki, liderliyini qoruyub saxlayır. Eyni zamanda, MFL ulduzları nəhəng məbləğdə pul qazanırlar.

Son vaxtlar azalma tendensiyası müşahidə olunsa da, müqavilə məbləğləri mövsümə görə 50 milyon dollara çatır. ABŞ-də Tom Bredi bəlkə də Lebron Ceymsdən daha məşhurdur. Lakin basketbol və hokkeydən fərqli olaraq amerikalılar bu idman növünü qloballaşdıra bilməyiblər. Bayraq futbolunun yaradılmasında məqsədlərdən biri də budur.

MFL son vaxtlar bayraq futboluna çox diqqət yetirir. “All-Star” həftəsi zamanı Amerika futbolunun ən populyar simalarının iştirakı ilə xüsusi oyun da keçirilir. Dünyada da populyarlığın artması, inkişafına güclü təkan verməsi üçün keçən il bayraq futbolunu Olimpiya proqramına daxil etmək arzusu yarandı. Hətta liqa, daha irəli gedərək, qar üstündə bayraq futbolunu Qış Olimpiya Oyunlarının proqramına salınması variantını təklif etdi. Amma bu variantlar yalnız müzakirələr mərhələsinə qədər irəliləyə bildi. Belə bir ekzotik variant qəbul edilmədi.

Ancaq indi liqa rəhbərliyinin arzusu gerçəkləşib. Bayraq futbolunu qlobal idman növünə çevirmək və daha çox reklam cəlb etmək üçün təkcə Olimpiadanın proqramına salınması kifayət deyil. Daha çox şeyə ehtiyac var. MFL superulduzlarının iştirakı həyəcanı bir qədər də artırmaq iqtidarındadır. Amerika futbolu rəhbərliyi bunu çox yaxşı başa düşür.

Qeyd edək ki, Beynəlxalq Amerika Futbol Federasiyası (IFAF) artıq beş dəfə bayraq futbolu üzrə dünya çempionatı keçirib. İlk ikisində amerikalılar iştirak etməyiblər. Bunun da səbəbi onların intriqanı öldürmək istəməmələri olub. Onların yoxluğunda  yaponlar çempion olublar. Daha sonra keçirilən mundialda isə ABŞ komandası qızıl het-trik edib. Sonrakı yarışların baş tutmasında isə problemlər yaranıb. 2019-cu ildə keçirilməsi planlaşdırılan turnir əvvəlcə 2023-cü ilə, sonra isə 2025-ci ilə təxirə salınıb. Bu da əlbəttə ki, populyarlaşmaya kömək etmir.

bfb6eeef 63c9 4e28 bc67 7c0b19df8de0 - Futbolinfo.az

“Biz bütün dünyada bayraq futbolunu inkişaf etdirməyə hazırıq. Olimpiya Oyunları ilə bağlı qərar bunu sürətləndirir. Bunu uzunmüddətli öhdəlik kimi görürük. Söhbət təkcə 2028-ci ilin iyul ayından getmir. Bu hadisədən sonrakı müddətdə biz, klublarımız və IFAF-ın bundan necə yararlanacağımızdan gedir. Oyunu həqiqətən inkişaf etdirmək, dünyada daha çox qız və oğlanın marağına səbəb olmaq qarşıda duran vəzifələrdən biridir”, – deyə MFL-in icraçı direktoru Peter O’Reilly bildirib.

Onun sözlərinə görə, liqanın hazırkı və keçmiş oyunçularının iştirakı tanınmaqda ciddi yardım etməlidir. Yeri gəlmişkən, artıq bir sıra MFL futbolçuları olimpiadada oynamaq arzusunu bildiriblər.

İLQAR AĞAYEV

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp