İki şirkət Azərbaycan Premyer Liqası klubları ilə əməkdaşlıq etmək istəyir. Bu barədə “Qəbələ”nin prezidenti Fariz Nəcəfov Klublar Komitəsinin ötən gün baş tutan iclası ilə bağlı “Report”a danışarkən deyib.

45 yaşlı funksioner həmin şirkətlərin toplantıda təqdimatla çıxış etdiklərini bildirib: “Əlavə gəlir əldə etmək, azarkeşlərlə işləmək və sair məsələlərdən danışdılar. İdman, əsasən də futbol sahəsində işlər görmək istədiklərini bildirdilər. Bu, bir növ tanışlıq idi, həm də gələcəkdə klublarla ayrı-ayrılıqda görüşlərin təşkili də müzakirə edildi”.

Nəcəfov UEFA-nın AFFA ilə birlikdə təhsil layihəsinin olduğunu vurğulayıb: “Hər klubdan bir idarəçi şəxsin təhsil almaq üçün göndərilməsi gözlənilir. Klubların millidə olan futbolçularının imic məsələsi gündəmdəki mövzulardan biri idi. Çempionat və uşaq futbolu ilə bağlı klubları narahat edən məsələlərdən də danışdıq”.

O, son olaraq “Sabah”ın prezidenti Maqsud Adıgözəlovun Klublar Komitəsinin sədri seçilməsinə də toxunub: “Maqsud bəyin namizədliyi müzakirə olunmuşdu. Daha sonra səsvermə baş tutdu. Klubların hamısının təcrübəsindən istifadə edilməsi, hər dəfə sədrin dəyişməsi məqsədəuyğun sayıldı. Əslində, məsələlər ümumilikdə qəbul olunur və təkliflər klublardan gəlir”.

Əldə etdiymiz bilgiyə görə, iclasda iştirak edənlər “ASSIST FINANCE” İnvestisiya Şirkətinin və “PAŞA Bank”ın nümayəndələri olub. Birincilər qiymətli kağızlarla bağlı layihədə maraqlıdır. Bank nümayəndələri də hələlik tanışlıq məqsədi ilə prosesə qoşulub, konkret layihələrdən danışmaq üçün tezdir. Amma onlar klublarla işbirliyi üçün ilkin layihələrini təqdim edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp