Millimizin sabiq futbolçusu, hazırda “Qarabağ”ın akademiyasında məşqçi kimi çalışan Samir Musayevin Futbolinfo.az saytına müsahibəsi

  • Söhbətə yığmanın AÇ-2024-ün seçmə mərhələsində keçirdiyi son oyunlardan başlayaq. Səfərdə Estoniyaya qalib gəlsək (2:0) də, Bakıda Avstriyaya uduzduq (0:1). Komandamızın bu görüşlərdəki çıxışı haqda hansı fikirdəsiniz?
  • Avstriya ilə görüş məğlub olunası oyun deyildi. Çünki Estoniya üzərindəki qələbədən sonra komandada ruh yüksəkliyi yaranmışdı. Bu, Avstriya ilə matçda da görünürdü. Yığmamız rəqibə qarşı inamlı oyun sərgilədi, qol imkanları yaratdı, bir sözlə, çox yaxşı təsir bağışladı. Unutmayaq ki, Avstrya millisi daha çox motivasiyalı idi, çünki qələbə qazanmaqla Avropa çempionatına vəsiqəni təmin etmək istəyirdilər. Millimiz bu görüşdə rəqibin gözləmədiyi oyunu nümayiş etdirdi.
  • Millimiz gələn ay Bakıda keçiriləcək qarşılaşmada İsveçə qalib gələ bilərmi? Komandamızın seçmə mərhələni qrup üçüncüsü kimi bitirmək şansı nə qədərdir?
  • Bilirsiniz ki, futbolda gözlənilməz nəticələr çox olur. Buna görə də əvvəlcədən fikir bildirmək çətindir. Amma bir şey deyə bilərəm ki, komandamız İsveçlə matçda bəlkə də Avstriyaya qarşı göstərdiyi oyundan da yaxşı oyun sərgiləyəcək. Çünki millimiz üçün itiriləsi heç nə yoxdur. Bu mənada, İsveçə qalib gələ də bilərik.
  • Yığmanın hazırkı heyətini son illərin ən güclüsü adlandırırlar. Bu fikirlə razısınız? Sabiq hücumçu kimi hazırda millimizin ön xəttinin gücünü necə qiymətləndirirsiniz?
  • Deməzdim ki, ən güclü yığma indiki yığmadır. Bəli, beynəlxalq oyun təcrübəsinə görə bu komanda ən yaxşısıdır. Gənc futbolçularımızın da beynəlxalq oyun təcrübəsi yetərincədir. Əlbəttə, bu bizi sevindirir. Fikrimcə, millinin yaxşı oynaması iki əsas amildən – akademiyaların yaxşı olması və çempionatımızın səviyyəsinin qalxmasından asılıdır. O ki qaldı hücumçu məsələsinə, həm Musa Qurbanlı, həm də Renat Dadaşov öz klublarında daha da inkişaf etsələr, yığmanın ən yaxşı hücumçuları olacaqlar. Yaxşı hücumçu yetişdirmək isə ilk növbədə akademiyalardan asılıdır.
  • Çempionatımızda geridə qalan ilk dövrəni necə dəyərləndirirsiniz? Sizi müsbət və mənfi mənada təəccübləndirən komandalar hansılar oldu?
  • Cari mövsümün ilk dövrəsindəcə təəccüblənəcək çox şeylər oldu. Aşağı-yuxarı çempionatımızın səviyyəsini hamı bilir. Amma bu il bəzi komandaların əvvəlki illərə nisbətən daha inamlı, bəzilərinin isə aşağı səviyyədə çıxışı bizi təəccübləndirdi. Premyer Liqada gənc futbolçuların çox olması isə adamı sevindirir.
  • Hazırda Azərbaycan Premyer Liqasında çıxış edən hücumçulardan kimləri bəyənirsiniz?
  • Hazırda çempionatımızda bəyəndiyim elə bir hücumçu yoxdur. Əksəriyyəti legioner olduğundan, yerli hücumçuya rast gəlmirik. İndi, demək olar ki, bütün komandalar “yalançı hücumçu” taktikasına üstünlük verirlər. Çempionatda yerli hücumçumuz yoxdur. Premyer Liqada çıxış edən əcnəbi forvardlardan isə bir nəfərin adını çəkə bilərəm. Fikrimcə, çempionatımızın hazırda ən yaxşı hücumçusu “Qarabağ”da oynayan Juninyodur.
  • Bu mövsümdən I liqa əvəzedicilərin çempionatından ayrıldı, üstəlik, II liqa yaradıldı. Bu liqalar haqda nə deyə bilərsiniz? I və II liqada ürəyinizсə olan, eyni zamanda narazı qaldığınız məqamlar hansılardır?
  • Əlbəttə, liqaların çox olması yaxşıdır. Ən azından, gənc futbolçular itmirlər. Ancaq bu liqalarda çatışmazlıqlar da çoxdur. İlk öncə meydança məsələsini qabartmaq istəyirəm. Meydançaların pis vəziyyətdə olması, mövcud şərait, maddi baxımsızlıq – bu amillər aşağı liqaların oyunlarına mənfi təsir edir. I və II liqaları izləyən biri olaraq deyirəm ki, meydança amilinə görə adam matçlara baxmaq istəmir. Belə olan halda, futbolçu o cür meydançalarda necə oynasın?

AĞA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp