“Qarabağ” digər iddialılar qədər çox tənqid olunmursa, bunun səbəbi avrokuboklarda çıxışıdır. 11-ci turun bağlanış matçı da göstərdi ki, Avropa Liqası ağdamlılardan çox güc alır, mütəmadi uçuşlar hətta ikinci heyət oyunçularına da ciddi təsir edir.

“Araz-Naxçıvan” fürsətdən əla istifadə etdi. Yorğun “Qarabağ”a qarşı seçilən əks-hücum taktikası fayda verdi. 75 dəqiqə rəqibinə keçid verməyən muxtar respublika təmsilçisi çempionu tələsməyə və səhvlərə məcbur etdi, vacib qollar vurdu. Son dəqiqələrdə fərq azalsa da, “atlılar”ın xal almağa vaxtı çatmadı.

Əslində, hələ ilk dövrədəki oyunda naxçıvanlılar bu rəqibə dişini göstərmişdi. O zaman son dəqiqələrdə qələbə qolunu vuran “Qarabağ” tam formada deyildi. Dünən isə son vaxtlar qələbələri sıralayan komandanı dayandırmaq mümkün oldu. Həm də ona doğma olan Respublika stadionunda…

“Araz-Naxçıvan”da Eldəniz Yusifov – Azər Bağırov tandemi digər klublara da örnək olacaq iş görüb. Əla legioner seçimləri, onların bəlli sistemə uyğunlaşdırılması işi gözəl qurulub. Bir çox klubumuz yayda çoxlu transfer edib, lakin heç biri bölgə təmsilçisi qədər dəqiq işləməyib. Az qala hər futbolçu bəlli səviyyəsi ilə ümumi uğurda rol alır. 11 oyuna 20 xal mövsümə hazırlaşmaq üçün kifayət qədər zamanı olmayan komanda üçün fantastik nəticədir.

İndi liderlə 7-ci pillədəki komandanı bir-birindən cəmi 6 xal ayırır. Bu o deməkdir ki, hər an vəziyyət, komandaların sıralaması dəyişə bilər. “Zirə” istisna olmaqla, bütün komandaların azı 3 məğlubiyyəti var və bu, daha çox qüvvələr nisbətinin bərabərliyinə işarədir. “Qartallar”ın zirvədə qalmasını rəqibləri özü təmin edir, amma ardıcıl 2-3 uğursuz matç qəsəbə təmsilçisini hətta ilk “üçlük”dən kənar qoya bilər.

“Qarabağ” hər nə qədər ağır qrafikdə çıxış etsə də, önəml matçlara diqqət etməlidir. Ağdamlılar ilk “dördlüy”ün digər 3 komandasının hamısına uduzub. Sıradan fakt deyil, deməli, avrokubokda mübarizənin davam etdiyi dönəmdə çempion ikinci heyətlə oynadığı matçlarda büdrəyə bilər. “Qarabağ”a qarşı açıq futbol oynamamaq yaxşı nəticə üçün yetərlidir. Ağdamlıların 11 matçın 5-də büdrəməsi belə deməyə əsas verir.

İndiki vəziyyətin qışa kimi davam edəcəyi dəqiqdir. Amma fasilə zamanı çox şey dəyişə bilər. Komandaların hansı səviyyədə güclənməsi önəmli faktor olacaq. “Qarabağ”ın avrokubok macərası bitəndən sonra isə ssenari dəyişə bilər. Hələlik hamı bacardığı qədər çox xal yığmağa çalışır.

FƏRİD

Shares: