“Neftçi”nin bu mövsüm Adrian Mutunun rəhbərliyi altında çıxışı Rumıniya mətbuatında diqqət mərkəzində saxlanılır.
Futbolinfo.az saytı xəbər verir ki, adıçəkilən ölkə KİV-i Premyer Liqanın 11-ci turunda “Sabah”la oyuna da biganə qalmayıb.
“Prosport.ro” saytı “ağ-qaralar”ın 0:1 hesabı ilə məğlub olduğu qarşılaşmaya klub azarkeşlərinin reaksiyasını izləyicilərinə çatdırıb. “Neftçi” fanatlarının sosial şəbəkədəki paylaşımları əsas tənqid obyektinin məhz Mutu olduğunu göstərir. Onlardan bəzilərini təqdim edirik:
“Mutu futbol oynatmağı bacarmır”.
“Mərhum baş məşqçi Böyükağa Hacıyevin yoxluğu Mutunun varlığından daha dəyərlidir”.
“O qədər aciz vəziyyətdəyik ki, öz adımdan utanıram”.
“Sus və istefa ver!”
“Mutu getməlidir! İtirilən xalların bərpa olunmayacağını başa düşmək və görmək çətin deyil. Bizə təcrübəli və peşəkar məşqçi lazımdır”.
“Rəhbərlik “Neftçi”yə dəyər verirsə, Tərlan Əhmədovu baş məşqçi gətirsin”.
“Mutu yaxşı oyunçu idi, amma zəif məşqçidir. “Neftçi” məşq komandası deyil, onun artıq məşqlərə gəlməsinə imkan verməyin. Yerli məşqçi təyin edin, bir az dəstək verin, fərqli komanda görəcəksiniz”.
“Viktor Ancelesku “Rapid”də Adrian Mutunu gözləyir”.
“O, gözlənilməz anda “Rapid”dən ayrılsa da, Rumıniya klubu Mutu ilə maraqlanır və hətta onun dönməsini gözləyir”.
Qeyd edək ki, hazırda “Neftçi” 15 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşır.