“Sabah”ın nigeriyalı hücumçusu Cesse Sekidikanın futbolinfo.az saytına müsahibəsi
– “Neftçi” ilə səfər matçında son dəqiqələrdə vurulan qolla qələbə qazandınız. Bu qalibiyyəti necə şərh edərsən?
– Bu komanda üçün çox əla nəticə oldu. “Neftçi”yə qarşı oyunda düşüncə tərzi həlledici idi. Qələbəni təmin etmək vacib məsələdir və biz bunu bacardıq.
– “Sabah” yaxşı durumda deyil, amma son 3 oyunda 2 qələbə var. Təxirə salınmış matçı nəzərə almasaq, son 2 turu qalibiyyətlə başa vurmusuz. Bu, vəziyyəti dəyişəcək?
– Komandanın turnir cədvəlindəki mövqeyini yaxşılaşdırması mərhələli prosesdir. Son 3 oyunun ikisində qalib gəlmək və ya başqa cür son 2 turun matçını qalib başa vurmaq müsbət əlamətdir. Bu komandanın daha yaxşı çıxış edə biləcəyindən xəbər verir. Vəziyyəti lehimizə dəyişmək üçün komanda öz performansının sabitliyini qorumalıdır. Zəif tərəflər üzərində işləməliyik. Əlimizə düşən imkanlardan yararlanmalıyıq. Diqqəti uzunmüddətli hədəfə yönəltmək və bu son qələbələrdəki kimi çıxış üzərində dayanmaq “Sabah”ın turnir cədvəlində yuxarı pillələlərə qalxmasına kömək edə bilər.
– Bundan öncə “Sabah”ın oyunçuları ilə danışanda deyirdilər ki, vəziyyəti dəyişmək üçün bizim bir qələbəyə ehtiyacımız var. Artıq iki qalibiyyətiniz var…
– Əhəmiyyətli bir qələbənin əldə edilməsi bu cür vəziyyətdə olan istənilən komanda üçün dönüş nöqtəsi ola bilər. Çünki belə vacib xallar komandadakı əhval-ruhiyyəni yüksəldir, özünəinamı artırır. Bununa belə, komandanın turnir cədvəlindəki mövqeyinə dəqiq təsir müxtəlif amillərdən, hazırkı durumdan və digər komandaların çıxışından asılıdır. Bir qələbə mühüm addım olsa da, turnir cədvəlindəki sürətli irəliləiyişi təmin etmir. Stabillik çox önəmlidir. Sadəcə, biz gələcək oyunlardakı çıxışı indiki qalibiyyətlərin üzərində qurmalıyıq, tərəqqini saxlamalıyıq. Yəni bir qələbə katalizator olsa da, cədvəldə irəliləmək üçün daha çox iş görməliyik.
– Müxtəlif liqalarda, hətta Türkiyə Superliqasında “Qalatasaray” kimi nəhəng klubun heyətində oynamısan. Azərbaycan çempionatı sənə necə göründü?
– Düşünürəm ki, gələcəkdə çox güclü ola biləcək bir liqadır. Daha çox komandanın avrokubokların qrup mərhələsində oynaması çempionatın keyfiyyətini artıracaq.
– Bir neçə il öncə “Neftçi”nin düşərgəsində olsan da, Bakı klubu səni bəyənməmişdi, daha sonra “Qalatasaray”la anlaşmışdın. Ümumiyyətlə, onları qarşı oynayanda həmin vaxtları xatırladın?
– Rəddlər bəzən yeni imkanların yaranmasına səbəb ola bilər. Həmin zaman “Qalatasaray”la müqavilə imzalamaq əla idi. Bu, mənim istedadımın, qətiyyətimin sübutu idi. “Qalatasaray” kimi İstanbul nəhəngində oynamaq önəmli uğurdur.
– “Sabah” ötən mövsüm çox uğurlu idi. Hər kəs eynisini gözləyərkən vəziyyəti başqa cür oldu. Səncə, komandada çatmayan nədir?
– Əlbəttə ki, ötən mövsümdəki uğuru davam etdirmək və avrokuboklarda yenidən oynamaq mümkündür. Bu, çətin görünsə də, bacarmaq olar. Həmin nəticələrin əldə edilməsi üçün səhvləri, çatışmazlıqları aradan qaldırmalıyıq. Komandanın konkret bir hədəfə yüklənməsi və həmin hədəf üçün döyüşməsi önəmlidir. Bu mövsümün necə keçəcəyini zaman göstərəcək. Lakin düzgün səylər və fədəkarlıqla yaxşı nəticələ əldə edə bilərik.
– Bizim liqaya gəlməmişdən öncə, hətta “Neftçi”nin düşərgəsində baxışda olarkən Azərbaycan çempionatı ilə maraqlanmışdın?
– Fikrimcə, liqanın səviyyəsi və komandanın gücü zamanla dəyişə bilər. Əlbəttə ki, komandaları tanıyırdım. “Neftçi”, “Qarabağ” və “Qəbələ” kimi klublar Azərbaycan liqasında çox güclü hesab olunurdu. Amma faktorlara görə güclər mövsümlər üzrə fərqli ola bilər.
ABBAS