“Qızıl top” öz sahibini tapdı. Daha doğrusu, yenidən öz sahibinin qucağına verildi. Son illər mükafat qeyri-məntiqliyi, ədalətsizliyi ilə o qədər ucuzlaşdırılıb ki, ona yalnız Lionel Messinin pərəstişkarları hörmət edir.

Birvaxtlar ən yaxşı futbolçu nominasiyasının qalibi, həqiqətən də il ərzində ən yüksək nəticələr əldə edən, ən yaxşı futbol göstərənlər olurdu. Ancaq son illər mükafat şouya çevrilib. Təsisçisi olan “France Football” tarixə qovuşduğu kimi, törəməsi olan “Qızıl top” mükafatı da onun arxasınca yollansa, əksər azarkeşlər məyus olmaz. Çünki bu mükafat artıq ilin ən yaxşısına verilmir. Bu mükafat Messiyə və onunla eyni zamanda bəzi hallarda Ronaldoya verilirdi.

Çox güman ki, argentinalı sonuncu dəfə mükafatı qazandı. Başqa cür ola da bilməzdi. Təşkilatçılar onu təntənə ilə yola salmalıydılar. Necə ki, dünya çempionatını onun üçün ssenariləşdirdilər (Qətər – PSJ – Əl Xəlaifi – FİFA),  burada da təmtəraqla nöqtə qoyulmalıydı. Qalibin kim olacağı artıq 10 ay bundan əvvəl məlum idi. Hətta bu müddət ərzində dünyanın hansısa bir futbolçusu 500 qol vursaydı belə, mükafatı qazanmayacaqdı.

Bundan sonrakı illərdə yəqin ki, Kilian Mbappenin dövrü başlayacaq. Bezdirməmək üçün bəzi illərdə mükafat Erlinq Halanda da veriləcək. Biri Fransa, digəri Norveç millisində oynadığına görə Kilianın şansı daha yüksəkdir. Böyük turnirlərin keçirildiyi cüt illərdə əsas favorit məhz o olacaq.

O ki, qaldı bu ilə, norveçli forvard ilk debüt mövsümündə “Mançester Siti” ilə nə mümkün idisə qazandı: Çempionlar Liqasında böyük fərqlə bombardir oldu; dünyanın bir nömrəli çempionatı olan Premyer Liqada da həm çempion , həm də bombardir oldu. Ancaq bir şeydə bəxti gətirmədi ki, dünya çempionatı keçirildi və Argentina qələbə qazandı. İl ərzində yalnız həmin 1 ayda futbola hörmətlə yanaşaraq oynayan Messi “Qızıl top”u qazanmaq üçün lazım olanı etdi.

Bu gün “Qızıl top” niyə ona verildi” sualına “dünya çempionatında qələbə qazandı” cavabı veriləcək. Belə olan halda, həmin adamlara 2010-cu ildə İspaniya millisinin tarixdə ilk dəfə dünya çempionu olmasında böyük pay sahibi olan, finalda qələbə qolunu vuran, bütün çempionatı fenomenal oyunu ilə seçilən Andres İnyestaya “niyə verilmədi” sualını vermək olar. Həmin il “İnter”lə çempionlar liqasını qazanıb dünya çempionatının fialına yüksələn Vesli Sneyderi də bura əlavə etmək mümkündür. Ancaq bunların cavabı ədalətli olmayacaq. Çünki bu mükafat kimə və nə üçün verilir, indiyədək bilinmir. Daha doğrusu bilinir. Bu mükafat təşkilatçıların simpatiyası ilə verilir. Məhz buna görə də, futbol ictimaiyyətinin Messinin fanatı olmayan hissəsi bu mükafatdan iyrənir.

İLQAR AĞAYEV

Shares: