İyun ayının sonlarında Ceyms Hardenin komanda rəhbərliyi ilə münasibətlərinin yaxşı olmadığı üzə çıxmışdı. Həmin andan bu günə qədər ulduz basketbolçunun hansı komandaya yollanacağı əsas maraq doğuran sual idi. 124 gündən sonra nəhayət ki, həmin sualın cavabı verilib. “Filadelfiya Siksers” klubu küskün ulduzundan qurtulmağı bacarıb.

Müqaviləsindəki opsiyanı artırmaqla Harden bu mövsüm 35 milyon dollar əməkhaqqıya sahibdir. Bu məbləği artıq “Los-Anceles Klippers” ödəyəcək. Komandalar arasındakı razılaşmaya əsasən, liqanın ən güclü müdafiəçilərindən biri karyerasını Kaliforniyada davam etdirəcək. Onun əvəzinə “Klippers” qarşı tərəfə Markus Morris, Nikola Batyum, Robert Kovinqton və Key Cey Martini göndərib. Hardenlə birlikdə Los-Ancelesə isə Pi Cey Taker Filippo Petruşev yollanır.

Bu keçiddən sonra “Los-Anceles Klippers”də maraqlı kvartet əmələ gəlib. Komandanın digər ulduzları Pol Corc, Rassel Vestbruk və Kavay Leonard kimi, Ceyms Harden də Los-Ancelesdəndir. Leonard və Harden şəhərin özündə anadan olublar. Rassellə Pol isə Lonq-Biç və Palmdeyl doğumludurlar.

Shares: