Azərbaycan Premyer Liqasında cari mövsümün ən gec qolu qeydə alınıb.
Futbolinfo.az saytı xəbər verir ki, bu, 11-ci turun “Araz-Naxçıvan” – “Qarabağ” oyununa təsadüf edib.
Tofiq Bəhramov adına Respublika stadionunda rəqibinə 1:2 hesabı ilə məğlub olan Ağdam təmsilçisinin təsəlli topu 90+7-ci dəqiqədə olub. Olavio Juninyo mövsümün ən gec qolunun müəllifi olub. Buna qədər bir dəfə 90+6, dörd dəfə 90+5, bir dəfə 90+4 və bir dəfə də 90+1-ci dəqiqədə qol vurulmuşdu.
Həmin görüşdə naxçıvanlıların qələbəsinə bir qolla töhfə verən Orxan Əliyev bu mövsüm 3-cü dəfə penalti zərbəsini dəqiq yerinə yetirib. O, bununla ən çox penalti zərbəsi vuran oyunçu ünvanını ələ keçirib. “Kəpəz”in legioneri Mate Kvirkviyanın aktivində 2 penalti qolu var. Orxan Əliyevin penaltidən toru silkələdiyi hər üç qarşılaşmada “Araz-Naxçıvan” rəqiblərinə minimal hesabla qalib gəlib.
Qeyd edək ki, Premyer Liqada 12-ci turun matçları noyabrın 3-5-də keçiriləcək.