İnsan həyatını musiqisiz təsəvvür etmək mümkün deyil. Hələ mezeolit dövründən insanlar ov edərkən ibtidai musiqi elementlərindən istifadə edirdi. Çox uzağa getmədən (əslində dövrə görə çox uzağa getdik) Qobustan qayalarında yallı səhnəsini əks etdirən təsviri yada sala bilərik.

Ümumiyyətlə, musiqi incəsənətin elə bir növüdür ki, onu hər bir kəs dinləyir. Təkcə incəsənət yox, insanların maraq dairəsinə aid olan məşğuliyyət növləri arasında da musiqi 1-ci yerdədir. Məsələn, bir adam kino sənətini sevməyə bilər. Ətrafımızda heç film izləməyən o qədər adam var ki. Yaxud da bir adam heç bir idman növü ilə maraqlanmaya bilər. Elə qadınlar buna sübutdur. Amma kişili-qadınlı,  kinonu sevən və ya sevməyən hər bir kəsin ən azı sevidiyi bir neçə musiqi parçası var. Hətta dini dünyagörüşlərinə görə musiqinin günah olduğunu iddia edənlər belə ayinlərdə musiqi üzərində melodiyalara tabe olur.

Adicə dövlətin atributlarından biri olan himnin musiqinin bir janrı olduğunu xatlırlatmaq kifayətdir. İdman növləri belə musiqidən xali deyil. Təbii ki, burada marşlar və ya himnlərin hər bir idman növündə prosedurların tərkibinə daxil olmasını xüsusi qeyd etmək lazımdır. Amma elə idman növləri var ki, musiqi onun canıdır.

Yəqin söhbətin bədii gimnastika və fiqurlu konkisürmə yarışlarından getdiyini anladınız. Yəni bu idman növləri ilə məşğul olan hər bir iştirakçı hansısa bir kompoziyanın sədaları altında çıxış etməlidir. Münsiflər də onun hərəkətlərinə və musiqi ilə ayaqlaşmasına baxıb qiymət verir.

Ümumiyyətlə, bədii gimnastika ilə fiqurlu konkisürmə idman növləri eyni ruha malikdir. Fiqurlu konkisürmə bir növ bədii gimnastikanın qış variantıdır. Sadəcə, isti ölkələrdə bədii gimnastika, soyuq ölkələrdə isə fiqurlu konkisürmə inkişaf edib. Bu iki idman növünün “qohumluq əlaqələrini” nəzərə alsaq, onlar həm yay, həm də qış olimpiadalarında yer alan yeganə “qohum” idman növüdür. Məsələn, futbolun qış variantı yoxdur. Yaxud, biatlon qaydalarının yay versiyasını tapa bilməzsiniz. Deməli, musiqi elə bir sahədir ki, fəsillər və ya şərait belə onun imkanlarını məhdudlaşdıra bilmir.

Bu mənada ölkəmiz də həm idman, həm də musiqidən öz payını götürüb. Azərbaycanın bir musiqi ölkəsi olduğunu sübut etməyə ehtiyac yoxdur. İstər xalq musiqisi, istəsə də böyük bəstəkarlarımızın yaratdığı sənət əsərləri dünyanı gəzib dolaşaraq özünə alqış qazanıb. Ötən əsrin əvvəlində Üzeyir Hacıbəyovun bəstələdiyi opera və operettalar planetimizin hər bir bucağında səhnəşdirilibsə, müasir dövrdə Eldar Mansurovun “Bayatılar”ı bütün qitələrdə musiqiçilər tərəfindən istifadə olunur. Təkcə, 2011-ci ildə “Eurovision” müsabiqəsini qazanmağımız kifayətdir.

Amma Azərbaycan musiqisi təkcə incəsənət dünyasında özünə yer etməyib. Bədii gimnastika və fiqurlu konkisürmə yarışlarında da bəstəkarlarımızın araya-ərsəyə gətirdikləri melodiyalardan istifadə olunur. Bədii gimnastlarımız xüsusən Qara Qarayev, Fikrət Əmirov, Vasif Adıgözəlov, Arif Məlikov və Vaqif Mustafazadənin kompozisiyalarına üstünlük verir.

Azərbaycanda bədii gimnastika aparıcı idman növlərindən biri olduğundan onun nümayəndələri klassik musiqimizi dünyaya tanıda bilir. Gimnastlarımız beynəlxalq yarışlarda təkcə uğur qazanarkən himnimizi yox, həm də himnimizin səslənməsinə şərait yaradan klassik əsərlərimizi salonlarda tamaşaçılara dinlədə bilirlər. Bu mənada onlara böyük və əzəmətli bir “ƏHSƏN” düşür!

michelle kwan 98 gettyimages 576826332 1024 36680970 ver1.0 - Futbolinfo.az

Bu, hələ biz tərəfdən atılan bir addımdır. Bəzən xarici gimnastlar belə ölkəmizdə keçirilən turnirlərə qatılarkən bizim parçalardan yararlana bilir. Bir neçə il əvvəl Bakıda keçirilən mötəbər yarışlardan birində Bolqarıstan gimnastları Azərbaycan musiqisindən istifadə etmişdi. Amma tarixdə bir fakt da olub ki, onun haqqında saatlarla danışsaq, səhiflərlə yazsaq, azdır. Bu o qədər qürurverici məqamdır ki, adam həmin anda azərbaycanlı olması ilə bir daha fəxr edir. Söhbət fiqurlu konkisürmə üzrə 5 qat dünya çempionu Mişel Kvanın Fikrət Əmirov yaradıclığına müraciət etməsindən gedir.

Honkonqdan ABŞ-a köçən çinli mühacir ailəsində 1980-ci ildə doğulan bu xanım 1990-cı illərin ortalarında dükandan Fikrət Əmirovun əsərlərindən hazırlanan kompakt disk alır. Oradakı “Gülüstani Bayatı Şiraz” simfonik muğamı onu özünə valeh edir. Nəticədə Mişel bundan 1996-cı ildə keçirilən dünya çempionatında istifadə etmək qərarına gəlir. “Tac Mahal” adlandırdığı bu kompozisiya ilə amerikalı fiqurlu konkisürmə ustası dünya çempionu olur. Bir il sonra o eyni melodiyanın sədaları altında bu dəfə gümüş medal qazanır.

Ümumiyyətlə, bir melodiya ilə iki mötəbər yarışda medal qazanmaq fiqurlu konkisürmə yarışlarında nadir haldır. Amma Fikrət Əmirovun şah əsəri ona belə bir nailiyyətə imza atmağa imkan verir.

Budur Azərbaycan musiqisinin möcüzəsi! Deməli, bizim musiqimiz Azərbaycan idmançısı qədər idman yarışlarında Səməd Vurğun demişkən, “müsəlləh əsgər”ə çevrilə bilər.  Bu, bəlkə də hansısa bir Azərbaycan idmançısının böyük turnirlərdə uğur qazanması qədər möhtəşəm bir hadisədir. Belə desək, bəlkə ondan da artıqdır! Çünki idmançılarımızın nüfuzlu yarışların qalibi olması bizim üçün artıq adiləşib. Amma bu fakt heç vaxt unudulmayacaq və həmişə fəxarətlə xatırlanacaq.

Ümumiyyətlə, təkcə Azərbaycan musiqisi idman qiyafəsi ilə dünyanı dolaşmır. Həm də Azərbaycan idmançıları musiqi qiyafəsi ilə dünyanı gəzir. Elədir ki var, biz Böyük Britaniyanı təmsil edən azərbaycanlı gimnastlar Cennifer və Cessika Qədirova bacılarından danışırıq.  2004-cü ildə Dublin şəhərində Azərbaycan ailəsində dünyaya göz açan əkizlər Britaniya adasının ən nüfuzlu idmançılarından biridir. Qədirovalar Tokioda keçirilən Yay Olimpiya Oyunlarında Böyük Britaniyaya komanda yarışında bürünc medal qazandırıb.

T0FLMTMyNDY2Njkx - Futbolinfo.az

Fərdi nailiyyətlərə gəlincə, Cessika ötən il Liverpulda keçirilən dünya çempionatında sərbəst hərəkətlərdə qızıl medal qazanaraq karyerasının ən böyük nəticəsinə imza atdı. Bununla yanaşı, o, 5 dəfə də Avropa çempionluğu sevincini yaşayıb. Cessika həmçinin dünya çempionatında 1 qızıl, 1 gümüş, qitə birinciliyində 2 gümüş medal da qazanıb. Cenniferin hesabında isə Avropa çempionatında 1 gümüş medal var.

Hansısa bir idman növü ilə məşğul olan azərbaycanlının dünyanın aparıcı ölkələrində belə uğurlu nəticə ilə yadda qalacağını təsəvvür edirsiz? Bunu bəlkə də güləş və ya şahmatla edə bilərik. Amma yenə də belə bir nümunə yoxdur. Xəmiri musiqi ilə yoğrulmuş gimnastikadan isə Avropanı rövnəqləndirən və heyrətəndirən bir idmançı çıxara bilirik.

Bu bir daha onu göstərir ki, Azərbaycanın təbii sərvətlərindən savayı, dünyaya nümayiş etdirə biləcəyi ən böyük “məhsul” musiqidir.  Gəlin etiraf edək ki, elm və sənaye sahəsində ortaya keyfiyyətli iş qoya bilmirik. İdmanda da nisbətdə yaxşıyıq. Yalnız dünyaya səs sala biləcək musiqimiz yardım əlini idmana uzadaraq onu dünyada tanıda bilir. İstər Fikrət Əmirov, istərsə də Qədirova bacıları dünyaya azərbaycanlıların istedadlı xalq olduğunu nümayiş etdirir.

ABBAS

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

fggfh 1 1 1 1 1 1 768x615 1 1 2 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 2 1 1 1 1 1 1 1 1 1 - Futbolinfo.az
Shares: